Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasındakı münaqişəni həll etmək məqsədilə Rusiya lideri Vladimir Putinlə üzbəüz danışıqlar aparmağa hazır olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, bu barədə məlumatı “Insider UA” teleqram kanalı yayıb.
“Rusiya Prezidenti Vladimir Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq. Lakin sülhü yaxınlaşdırmaq naminə bunu edəcəyəm”, – Zelenski deyib
Qarşı tərəf, yəni Putin belə bir görüşə nəhayət razılıq verəcək?
Siyasi şərhçi
Mehman Əliyev “Bakupost”a bildirib ki, Putin mövcud situasiyada Zelenski ilə üzbəüz görüşdə maraqlı deyil:
“Zelenski dəfələrlə bu sayaq açıqlamalarla çıxış edib. Amma qarşı tərəf hər zaman üzbəüz danışıqlardan yayınıb. Rusiya Kiyevin heç bir halda güzəştə getməyəcəyi şərtlər irəli sürür. Moskva müəyyən vilayətlərin ona verilməsini, işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasını, Kiyevin NATO ilə əlaqələrinin olmamasını və s. tələb edir. Putin bu şərtləri ortaya atıb, ondan bəhanə kimi istifadə edərək, Zelenski ilə üzbəüz danışıqlara getmir və müharibəni davam etdirir”.
Müsahibimizin sözlərinə görə, Putin Qərbdən, ilk növbədə ABŞ-dən Rusiyanın suverenliyinə təminat almayınca müharibəni dayandırıb, danışıqlara getməyəcək:
“Kreml ölkənin suverenliyinin təminatını istəyir. İndilikdə Rusiya günü-gündən daha da zəifləyir. ABŞ və digər Qərb ölkələri də Rusiyanın hansısa bir formada güclənməsi və stabilləşməsinə maraq göstərmirlər. Moskva da Qərb onun suverenlik maraqlarını tanıyana qədər müharibəni davam etdirmək niyyətindədir. Bu olmayana qədər heç bir danışıqlar, görüşlər mümkün olmayacaq”.
Son zamanlar Rusiyanın Qərblə, xüsusən Polşa və Almaniya ilə münasibətləri gərginləşdirməsi də ekspertin fikrincə, ölkəsinin maraqlarının tanınması üçün Putinin süni şəkildə həyata keçirdiyi bir oyundur:
“Onlar da öz növbəsində Rusiya ilə hərbi dildə danışmağa başlayırlar. Yəni gərginlik artıq Rusiya-Ukrayna çərçivəsindən çıxıb, Rusiya-Qərb çərçivəsinə qalxıb”.
Rüfət Sultan,
BakuPost