Fransa Prezidenti Emmanuel Macron, ölkədəki büdcə böhranı və erkən seçki çağırışlarının fonunda verdiyi açıqlamada müddətinin sonuna qədər vəzifədə qalmaq niyyətində olduğunu vurğulayıb.
Bakupost.az Fransa KİV-nə istinadən xəbər verir ki, Yeni il münasibətilə xalqa müraciət edən Makron, siyasi mübahisələrə baxmayaraq “son saniyəyə qədər” vəzifədə qalacağını deyib. O, 2027-ci ildə keçiriləcək seçkilərin də xarici müdaxilələrdən uzaq bir mühitdə təşkil olunmasına çalışacağını qeyd edib.
Makron, beynəlxalq sistemdə davam edən müharibələr və qeyri-sabitliklərə diqqət çəkərək, xüsusilə Orta Şərqdəki hadisələrin Fransa iqtisadiyyatı və milli maraqlarına birbaşa təsir etdiyini bildirib. Rusiya-Ukrayna müharibəsinə də toxunan ölkə prezidenti, “son dörd ildə imperiyalar formalaşır, beynəlxalq nizam sual altına düşür və ticarət müharibələri intensivləşir”, – deyib.
Fransız lider həmçinin Avropa Birliyi ilə MERCOSUR (Cənubi Amerika ölkələri arasında iqtisadi və ticarət bloku) arasında planlanan sərbəst ticarət sazişinə dair tənqidlərə cavab verib, kənd təsərrüfatı sektorunun dəstəklənəcəyini və Fransada istehsalın qorunacağını vəd edib. Korsika və digər uzaq ərazilərə xüsusi diqqət yetirən Makron, yerli rəhbərlərlə birgə mərkəzləşmənin azaldılması və islahatlar üzərində işlədiklərini açıqladı.
Fransa Prezidentinin sözlərinə görə, 2026-cı ilin büdcəsinin qəbul edilməsi üçün Senat və Milli Məclis arasında razılıq həyati əhəmiyyət daşıyır. O, siyasi qüvvələrə məsuliyyət çağırışı edərək, ölkənin sabitliyi və iqtisadi inkişafı üçün hər kəsi həmrəyliyə səsləyib.
Cavid, BakuPost