Təbriz Mərkəzi Həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının üzvü Əli Babayi digər siyasi məhbuslara qarşı həbsxana əməkdaşlarının təzyiq və zorakılığının qarşısını almağa çalışdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və təkadamlıq kameraya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, Əli Babayinin ümumi telefon istifadəsi və ailəsi ilə əlaqə saxlamaq hüququ da əlindən alınıb.
Məlumatlı mənbələr bildirir ki, son günlər həbsxana əməkdaşları siyasi məhbuslara qarşı təzyiq və məhdudiyyətləri artırıblar və Əli Babayi bu davranışlara etiraz edərək digər məhbusları müdafiə edib.
Uzun müddətdir Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal əvvəllər də siyasi məhbusların hüquqlarını müdafiə etdiyi üçün təhlükəsizlik orqanlarının təzyiqi ilə üzləşib.
O, daha əvvəl Yürüş Mehrəlibəylinin xüsusi bölməyə köçürülməsinə etiraz olaraq təxminən 60 siyasi məhbusla birlikdə aclıq aksiyası keçirmişdi.