2024–2025-ci illərdə Çin avtomobillərinin Azərbaycana kütləvi şəkildə gətirilməsi avtomobil bazarında ciddi dəyişikliklərə səbəb olub. Xüsusilə ikinci əl avtomobillərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə edilib.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev
“Bakupost”a bildirib ki, həmin dövrdə ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər, o cümlədən ƏDV və gömrük rüsumları ilə bağlı güzəştlər Çin avtomobillərinin ölkəyə kütləvi şəkildə gətirilməsinə səbəb olub.
Onun sözlərinə görə, həmin dövrdə bazara çox sayda, xüsusilə də Çin istehsalı avtomobil daxil olub. Nəticədə ikinci əl avtomobil bazarında bəzi avtomobillərin dəyəri 35–45 faizə qədər düşüb və bir sıra avtomobillər ciddi şəkildə dəyər itirib.
E.Əliyev qeyd edib ki, 2026-cı il yanvarın 1-dən güzəştlərin başa çatmasından sonra avtomobillərin qiymətlərində 30–35 faizə qədər artım müşahidə olunub. Onun sözlərinə görə, avtomobillərin qiymətləri əvvəlki səviyyələrə qayıtmağa doğru irəliləyib.
Ekspert bildirib ki, Çin avtomobillərinin Azərbaycanda sayının artması onların satışına da təsir göstərir. Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında avtomobil bazarında Çin avtomobilləri ilk iki sırada yer alıb. Üçüncü yerdə Yaponiya, dördüncü yerdə yerli yığım avtomobilləri, beşinci yerdə isə Koreya avtomobilləri qərarlaşıb.
E. Əliyev bildirib ki, digər ölkələrdə istehsal olunan avtomobillərə də maraq və tələb qalır. Lakin xüsusilə qiyməti 30–35 min manatadək olan büdcə Çin avtomobillərinə maraq yüksəkdir.
“İnsanlar artıq daha yeni avtomobillər, yeni idarəetmə imkanları istəyirlər. Bu kimi hallarda insanlar ucuz qiymətə ekonom avtomobilə, yanacaq sərfiyyatının aşağı olmasına və daha cəlbedici görünüşə baxırlar. Əlbəttə ki, insanlar Çin avtomobillərinə üstünlük verirlər”, – deyə E.Əliyev bildirib.
Onun sözlərinə görə, son illərdə Çin avtomobillərinin Azərbaycana rəsmi idxalçılar tərəfindən gətirilməsi və servis xidmətlərinin inkişaf etməsi də bu avtomobillərə olan inamı artırıb. Artıq Çin avtomobillərinə xidmət göstərən fərdi və pərakəndə servis məntəqələrinin də fəaliyyət göstərdiyini deyən ekspert bunun alıcıların seçimlərinə təsir etdiyini vurğulayıb.
E.Əliyev əlavə edib ki, bu, Koreya, Yaponiya və Avropa avtomobillərinə marağın olmadığı anlamına gəlmir. Onun sözlərinə görə, hər avtomobilin öz alıcısı var və seçim əsasən şəxsin büdcəsindən, zövqündən asılıdır.
Vüsalə Hüseynova,
BakuPost