Aktyor Azər Aydəmir müsahibəsi zamanı "Sonuncu şam yeməyi" filmində canlandırdığı obraz və ekran işi ətrafında yaranan müzakirələrdən danışıb.
"Bakupost" Milli.Az-a istinadla xəbər verir ki, sənətçi filmdəki bəzi zarafatlar və komedik yanaşmanın müəyyən dini təbəqələrin narazılığına səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, layihənin rəhbəri Əlixan olsa da, proses zamanı özü də onun yanında olmalı və yaranan təzyiqlərlə birlikdə mübarizə aparmalı olub.
Aydəmir qeyd edib ki, filmin nümayişindən sonra onların yumorunu və komediya üslubunu qəbul etmək istəməyən insanlar da olub:
"Filmlə bağlı müəyyən təzyiqlər var idi. Zarafatlarımızı, komediyamızı anlamaq istəməyən bir təbəqə mövcud idi. Bu səbəbdən müəyyən problemlər yaşandı".
Aktyor mərhum ilahiyyatçı Hacı Şahinin film ətrafında yaranan müzakirələrə münasibətini də xüsusi qeyd edib. O, Hacı Şahinin mövzu barədə çıxışından sonra müzakirələrin səngidiyini bildirib:
"Allah Hacı Şahinə qəni-qəni rəhmət eləsin. Onun bu mövzu ilə bağlı verdiyi cavab çox məntiqli idi. Hacı Şahinin çıxışından sonra müzakirələr də səngidi".
Aydəmir düşünür ki, illər keçməsinə baxmayaraq, "Sonuncu şam yeməyi" və digər filmlər hələ də tamaşaçılar üçün aktuallığını qoruyur. Aktyor bildirib ki, bəzi insanlar onunla söhbət zamanı film haqqında elə danışırlar ki, sanki ekran işinə yenicə baxıblar.
Sənətçinin sözlərinə görə, filmin hazırda da müzakirə olunması və müsahibədə səsləndirdiyi fikirlərdən sonra ekran işinə marağın artması mümkündür. O hesab edir ki, filmi izləməyən bəzi tamaşaçılar belə bu söhbətdən sonra "Sonuncu şam yeməyi"nə baxmaq qərarına gələ bilərlər.
Azər Aydəmirin "Sonuncu şam yeməyi" filmi, ekran işi ətrafında yaşanan qalmaqal və Hacı Şahinin münasibəti ilə bağlı səsləndirdiyi fikirlər ətraflı videoda: