Türkiyə üçün ABŞ–İran danışıqları kontekstində Hörmüz boğazının açılması məsələsi İranın nüvə proqramı problemindən daha böyük prioritetdir.
Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Pakistan və bir sıra digər ölkələrlə birlikdə hazırda ABŞ ilə İran arasında aparılan danışıqlarda vasitəçi rolunu oynayır.
Fidan qeyd edib ki, Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlı razılıq əldə olunarsa, bundan sonra İranın nüvə proqramının müzakirəsinə keçilməsi planlaşdırılır.
Hörmüz boğazı ətrafındakı vəziyyət həm ABŞ, həm də İran üzərində təzyiq yaradır. Beynəlxalq təsirlər çox böyükdür və enerji, eləcə də ərzaq təhlükəsizliyi sahələrini əhatə edir. Vəziyyət elə bir həddə çatıb ki, bu məsələ ilə bağlı danışıqlar nüvə proqramı məsələlərindən daha böyük prioritet olmalıdır”, – deyə Fidan vurğulayıb.