Ru
18:09 / 31 İyul 2026

Hansı hallarda xəbəriniz olmadan adınıza kredit götürülə bilər?

Hansı hallarda xəbəriniz olmadan adınıza kredit götürülə bilər?
Eye

Son dövrlər elektron imza və şəxsi məlumatlardan istifadə edilməklə vətəndaşların xəbəri olmadan kredit rəsmiləşdirilməsi ilə bağlı narahatlıqlar artır. Mütəxəssislər bildirirlər ki, belə hallar nəzəri və texniki baxımdan mümkün olsa da, bunun baş verməsi üçün bir neçə təhlükəsizlik mərhələsinin eyni anda pozulması lazımdır.

Mövzu ilə bağlı “BakuPost”a danışan bank eksperti Asif İbrahimov bildirib ki, rəqəmsallaşma maliyyə xidmətlərinə çıxışı asanlaşdırsa da, kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması məsələsini daha da aktuallaşdırıb.

Onun sözlərinə görə, hazırda bankların əsas vəzifələrindən biri müştərilərin məlumatlarının qorunması və bu məlumatların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaqdır.

Ekspert qeyd edib ki, elektron imza hüquqi baxımdan adi imza ilə eyni qüvvəyə malikdir və onun təhlükəsizliyi də şəxsiyyət vəsiqəsi, bank kartı və ya fiziki imza qədər vacibdir:

“Nəzəri və texniki baxımdan bir şəxsin xəbəri olmadan onun adına kredit rəsmiləşdirilməsi mümkündür. Praktikada da belə hallarla rastlaşmışıq. Lakin bunun baş verməsi üçün adətən elektron imza, mobil nömrə, birdəfəlik təsdiq kodları, şəxsi məlumatlar və bank hesabına çıxış kimi bir neçə təhlükəsizlik mərhələsinin eyni vaxtda pozulması tələb olunur”.

A.İbrahimovun sözlərinə görə, şəxsi məlumatlar fişinq hücumları, saxta internet səhifələri, zərərli proqramlar, mobil telefonun ələ keçirilməsi, SIM kartın qanunsuz dəyişdirilməsi və sosial mühəndislik üsulları ilə üçüncü şəxslərin əlinə keçə bilər. Bundan başqa, vətəndaşların özlərinin PIN kodlarını, elektron imza şifrələrini və təsdiq kodlarını başqaları ilə paylaşması da ciddi risk yaradır.

Ekspert bildirib ki, hazırda banklarda və dövlət qurumlarında bu cür halların qarşısını almaq üçün çoxpilləli təhlükəsizlik sistemləri tətbiq olunur. Kredit rəsmiləşdirilməsi zamanı elektron imza ilə yanaşı, Face ID, SİMA, barmaq izi və digər identifikasiya vasitələrindən istifadə edilir.

Asif İbrahimov vətəndaşlara elektron imza şifrələrini, PIN və birdəfəlik təsdiq kodlarını heç bir halda başqaları ilə paylaşmamağı, mobil telefonlarını nəzarətsiz verməməyi, iki mərhələli identifikasiyanı aktivləşdirməyi və şübhəli keçidlərə daxil olmamağı tövsiyə edib.

Ekspert vurğulayıb ki, əgər vətəndaş onun xəbəri olmadan adına kredit rəsmiləşdirildiyini aşkarlayarsa, dərhal kredit verən banka rəsmi etiraz etməli, eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edərək əlində olan bütün sübutları təqdim etməlidir.

Vüsalə Hüseynova
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar