Böyük Səlcuqlar dönəminin ən qüdrətli mütəfəkkir şairlərindən olan Fəridəddin ibn Məhəmməd Əttar Nişapuri (1145-1221) müsəlman şərqində təsəvvüf ədəbiyyatının ən misilsiz örnəklərindən sayılan 6500 beytlik "İlahinamə" məsnəvisində Məhsətidən söz açarkən onu "Pak Cövhər" deyə təqdim edirdi, Sultan Səncər sarayında yüksək ehtirama malik olmasını, "dəbir" məqamına ucaldığını xəbər verirdi (Məhəsti-ye Dəbir, an pak couhər, Müqərrər bud piş-e təxt-e Səncər). Nizami Gəncəvi yaşca böyük müasiri və həmşəhərlisi Məhsətinin dərbardakı şeir məclislərinə dəvət edilərkən yazdığı "Hər qəzəlinə xəzinələr bağışlandığını" təsdiqləyirdi (Səti yo Məhsəti ra bər ğəzəlha, Şəbi səd gənci bəxşi əz məsəlha).
Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Rafael Hüseynov Məhsəti Gəncəvi haqqında çəkilən film ətrafında aparılan müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Məhsətinin əri Pur-e Xətib - Xətiboğlu təxəllüslü Tacəddin Əmir Əhməd də zamanının ən güclü və nüfuz sahibi şairlərindən idi və böyüklüyünün, şöhrətinin sübutu üçün ən azı bu yetər ki, farsdilli fəlsəfi şeirin mərkəz simalarından olan Sənai Qəznəvi (1080–1131) onun şeirlərinə nəzirələr yazırdı (İn həmin vəznəst ke Pur-e Xətib-e Gənce qoft, "Noubəhar aməd, neqara, bade-ye qolnar ku?).
Köhnə və sınanmış həqiqətdir - "axar su murdar götürməz"!
Doqquz əsrdir ki, Məhsəti və onun söz dünyası bizimlədir, saf mənəviyyat çayı kimi Şərqin ruhundan axıb keçir.
Müasirlərinin müqəddsəs hesab etdikləri, sayğı ilə "şeyx", "mövlana", "həkim" adlandırdıqları, tarixdə ədalətli münsiflər kimi qalan zirvə şəxsiyyətlərin "pak", "üstün mənəviyyat və zəka sahibi", "zahiri və batini gözəlliklərin məcmusu" saydıqları Məhsəti Gəncəviyə mahiyyəti bulaşıqların çirkab atması 9 əsrdən bəri axıb gələn saflıq çayına neylər?! Əlbəttə ki, o möhtəşəm çayı əsla bulaya bilməz, yalnız ürək bulandırar".
Sədr müavini hesab edir ki, Ürəyinizi bulandıran nələrinsə millətə zərəri olduğunu sezincə isə heç vaxt laqeyd qalmaq olmaz: "Millətin, əsrlərin sınağından keçərək dəyərə çevrilmiş şəxsiyyətləri və irsi yalnız sərvətimiz deyil, milli namusumuzdur. Hansı qeyrətli vətəndaş namusuna kəc baxılmasına susar?!
Susarsan, yenə edərlər, susdurarsan yerlərini anlayar və sonra qımıldanmağa cürət etməzlər!"
"Müzəffər xalq" adını başacan daşımaq istəyiriksə, gərək beləcə barışmaz, bizə qarşı haqsızlıqlara və həqarətlərə səbretməz olaq".
Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissor və ssenari müəllifi olduğu "Məhsəti” qısametrajlı bədii filmi ətrafında müzakirələr davam edir.