Real TV-nin “Media masası” layihəsi çərçivəsində keçirlən debatda AzTV sədri Rövşən Məmmədovla İctimai TV rəhbəri Balakişi Qasımov arasında bəzi məsələlər ətrafında fikir müxtəlifliyi yaranıb.
Fikir müxtəlifliyi xüsusən də özünü televiziyaların cəmiyyətdə rolu məsələsində göstərib.
Balakişi Qasımov televiziyanın cəmiyyətin daha yaxşı olmasına çalışdığını deyib. Rövşən Məmmədov isə ümumiyyətlə TV-lərin belə bir missiya və hədəfinin olmadığını bildirib. Verilişdə bu mövzu ilə bağlı müzakirə genişlənərək, hətta sözkəsmələrə qədər dərinləşib.
B. Qasımovun hətta sovet dövründə televiziyanın cəmiyyətə təsir imkanları haqda dediklərini R. Məmmədov qəbul etməyib.
TV-lər doğrudanmı cəmiyyətin daha yaxşı olmasına çalışır, yoxsa onların ümumiyyətlə belə bir missiyası, hədəfi yoxdur?
Jurnalist, televiziya tənqidçisi, filologiya elmləri doktoru Qulu Məhərrəmli
Bakupost.az-a bildirib ki, televiziyalar indi özünün mürəkkəb, çətin dövrünü yaşayır:
“Bu günə qədər televiziyalar kinoya, radioya, qəzetlərə rəqib idi. İndi isə onun daha böyük rəqibi və bütün sahələrə güc gələ bilən yeni media, media törəmələri, internet meydana çıxıb. Bunlar informasiya almaq, məlumatlanmaq sahəsində tamamilə yeni və fərqli mənzərə yaradıb”.
Ekspertin sözlərinə görə, nəticədə televiziyanın auditoriyası parçalanıb:
“Digər tərəfdən, televiziyanın özünün təbiəti, məlumatın çatdırılması ilə bağlı bir çox məsələlərdə ciddi geriləmə var. Başqa bir tərəfdən, yeni dövrə uyğunlaşmağın çətinlikləri də televiziyanı xeyli dərəcədə geri salır”.
Amma bununla belə, həmsöhbətimiz televiziyanın tamamilə batıb, sıradan çıxaraq, tarix səhnəsini tərk edəcəyini də düşünmür.
Onun fikrincə, televiziyalar məlumatları dəqiq, dürüst çatdırmaq hesabına rəqabət gücünü artırmalıdır:
“Televiziyalar özləri auditoriyanın içinə daxil olmaq hesabına tamaşaçını cəlb etməlidir. Öz gücü, mötəbərliliyi və peşəkarlığını saxlaya bilən televiziya yaşayacaq.
Tamaşaçının nədən televiziyadan üz döndərdiyini də araşdırmalıyıq. İndiki halda bir çox televiziyalar sıradan çıxa bilər. Amma universal, xəbər və ictimai televiziya tipli televiziyalar yaşaya bilərlər”.
Bunun üçün isə Q. Məhərrəmli hesab edir ki, televiziyanın sərbəst seçim imkanları, operativliyi, mötəbərliliyi vacibdir:
“Ona görə də bu məsələdə bədbin deyiləm. Amma bütün hallarda televiziya yenidən transformasiya olunmalı, yenidən qurulmalı, struktur və proqram siyasətinə yenidən baxılmalıdır. Bunu edə bilən televiziyalar yaşayacaq, edə bilməyənlər isə əriyib gedəcək”.
Rüfət Sultan,
BakuPost