"British Airways" aviaşirkətinin Hindistanın Heydərabad şəhərindən Böyük Britaniyanın London şəhərinə həyata keçirdiyi müntəzəm reys zamanı üç pilotun eyni vaxtda qida zəhərlənməsi əlamətləri göstərməsi səbəbindən təyyarədə gərgin anlar yaşanıb.
"Bakupost" "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə təxminən 10 saat 30 dəqiqə davam edən "Boeing 777" reysi zamanı baş verib. Məlumata görə, pilotlardan biri 30 min fut yüksəklikdə özünü pis hiss edərək vəzifəsini yerinə yetirə bilməyib və ona oksigen dəstəyi göstərilib.
Digər iki pilot isə səhhətlərində yaranan problemlərə baxmayaraq təyyarəni təhlükəsiz şəkildə Londonun Hitrou hava limanına endirməyə nail olublar. Bildirilir ki, enişdən sonra pilotların vəziyyəti daha da ağırlaşıb.
"British Airways" hadisənin uçuş təhlükəsizliyinə təsir göstərmədiyini açıqlayıb.
"The Sun" qəzetinə danışan mənbənin sözlərinə görə, oxşar hadisələrin təkrarlanmaması üçün təcili araşdırmaya başlanılıb. İlkin ehtimallara görə, zəhərlənmənin mənbəyi pilotların Heydərabadda qaldığı otel ola bilər.
Həmkarlar ittifaqındakı mənbələr bildiriblər ki, həmin otelin gigiyena şəraiti ilə bağlı əvvəllər də çoxsaylı şikayətlər daxil olub. Məlumata əsasən, uçuşdan əvvəl hər üç pilot otelin restoranında eyni səhər yeməyini yeyib və kənardan təmin edilən butulka suyundan istifadə edib. Zəhərlənmənin səbəbini müəyyən etmək məqsədilə pilotlardan analiz nümunələri götürülüb.
Hadisədən sonra "British Airways" Heydərabad şəhərində ekipajların yerləşdirildiyi otellərin yenidən qiymətləndiriləcəyini açıqlayıb.