Ru
16:06 / 30 İyun 2026

“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər

“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən  şairin başına gələnlər
Eye

“Təxminən üç ay əvvəl qan analizi vermişdim, göstərici 7 idi. Daha sonra üç əməliyyat keçirdim. İki anju və baş barmaqla dabanımın amputasiyası oldu”.

Bakupost.az -ın məlumatına görə, bu sözləri tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aləmzar Sadıqqızı deyib.

Səhhətində ciddi problemlər yarandığını bildirən şairə qeyd edib ki, son on gündə ağrıları daha da artıb:

“Həkimim bunun qan laxtalanması və qan azlığı ilə bağlı olduğunu deyir. Günlərdir qan durulaşdırıcı sistemlər, iynələr və dərmanlar qəbul edirəm.

Bir neçə gün əvvəl Mərdəkandakı “Referans”da yenidən qan analizi verdim, nəticə 8 oldu. İki gün sonra Hematologiya və Transfuziologiya İnstitutuna müraciət etdik. Orada təkrar analiz götürdülər və nəticə 9 çıxdı.

Maraqlıdır, əməliyyatdan əvvəl 7 olan qan göstəricisi bu qədər qan itkisindən sonra necə artdı? “Referans”la İnstitut arasında cəmi üç gün fərq var. Bu üç gün ərzində isə demək olar ki, normal qidalanmamışam, yalnız xiyar və meyvə yemişəm. Belə halda qan necə arta bilər? Deməli, nəticələr yanlış yazılır”.

Şairə bildirib ki, həkimi Hematologiya və Transfuziologiya İnstitutunun baş həkimi ilə uzun müddət danışsa da, vəziyyətinin qanköçürmə tələb etdiyini izah edə bilməyib:

“Mənə iki dərman yazdılar. O dərmanlardan biri dünən az qala məni öldürəcəkdi. Baxmayaraq ki, həkimə dəfələrlə demişdim ki, qanı mənə qardaşlarım və qohumlarım verəcək, yenə də razılaşmadılar. Sığorta sistemi var, amma faktiki olaraq heç kim bu sığorta ilə işləmək istəmir. Heç bir həkim rüşvətsiz iş görmək istəmir. Aldığım 342 manat maaşdır. Həkim əməliyyatın ortasında əlini çəkib tələb edir ki, 1700 manat pul verməlisən! Gecə saat 11:30-da...

Nə qədər kredit götürmüşük... Doğmalar, dostlar, qohumlar kömək edib, amma hər ay təkcə müalicə 3000 manat xərc tələb edir.

Artıq nə bu ağrılara dözəcək gücüm qalıb, nə də müalicəni davam etdirəcək vəsaitim...”.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar