İstəyirəm İcbari Tibbi Sığortanı məhkəməyə verim…
Məhkəmədə hakim desə ki, bala, sənin dərdin nədir?!
Deyəcəyəm: “Sayın hakim bəy! Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib… Axtarıb araşdırmısınız ki, Xəyal bala bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma… Məndən soruşursunuz ki, ay bala, işlər necə gedir… Mən də deyirəm ki, sayın hakim bəy, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək…
Sual verəcəyəm hakim bəyə: Hörmətli hakim bəy, əlini qoy vicdanına, lütfən, vicdanınla cavab ver… Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı?! Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stressdən ötrü anestezioloq 20 manat alacaq… Vicdanına and verirəm səni, hakim dayı, anestezioloq 20 manatdan ötrü bu əziyyəti, bu öhdəçiliyi, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, necə olacaq bizim aqibətimiz?!
Deyəcəyəm: Hakim bəy, insanlara icbari tibbi sığortanın həkimlərə verdiyini, həkimləri istismar etdiyini anlada bilmirik… İnsanlar deyir, bizə dəxli yoxdur, maaşımızdan tutulur… Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir onu müayinə edən həkim 25 manat alır… Sayın hakim bəy! O talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır… Və hamı da bizi daş-qalaq edir…
Hakim bəy! Bir dəfə TƏBİB nümayəndəsi zəng elədi, dedi: “Doktor, bir qüsurlu körpə var, ombudsman tapşırıb ki, əməliyyat olunsun”. Dedim: “Ombudsmana deyin, əgər uşağın başına bir iş gəlsə, mənimlə prokurorun yanına girəcəksə, götürüb əməliyyat edim”. Sonra xəbər çıxmadı…
Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür, hakim bəy! Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir… Xəstəyə bir şey olsa, o həkimi doğulduğuna, həkim olduğuna peşman edirlər…
Hörmətli hakim! Bir dəfə gecə 11-də bir 9 aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım. Bəlkə səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı… 9 aylıq uşaq — 400 CRP, 29 leykosit, 40 dərəcə qızdırma ilə… Təsəvvür edə bilirsiniz? Uşağı gecə 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim… İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi…
İndi siz deyin, hakim bəy! Biz necə davranmalıyıq? Başımızı aşağı salıb işimizi görməliyik, rüşvətmi almalıyıq, rayondan gələn meyvəli-çolpalı “korobka”yamı göz dikməliyik, yoxsa ölkədənmi getməliyik?
Ya da siz onlara deyin, hakim bəy! Deyin ki, bu gün xalqın övladı xəstədirsə, sabah o xəstə sizin də evinizdə olacaq və o ağır xəstənizi əməliyyat edəcək həkim tapmayacaqsınız…
P.S. Bu mənim sizinlə xəyali dialoqum idi, hakim bəy! Nə mən onları məhkəməyə verəcəyəm, nə də onlar bizi haqlı hesab edəcək… Bax, beləcə yuvarlanıb gedəcəyik…
Dr. Xəyal Aşurəliyev