Otaqlarımızı bəzəyən, oksigenlə təmin edən dibçək güllərini bəzən bilmədən, xarici görünüşünə görə bəyənib alırıq. Bəzən isə tanışların, qohumların evində görüb bir budağını qoparıb evimizdə yetişdiririk. Artıq otaq florasının cürbəcür yeni növləri vitrinləri, mənzilləri bəzəsə də bunların içində on illərdir özünü təsdiqləmiş bitkilər var.
"Bakupost" "bizim.media"ya istinadən xəbər verir ki, onlardan biri ən az ötən əsrdən bəri mənzillərin ən görkəmli küncünə yerləşdirilən diffenbaxiyadır. Ad olaraq bəlkə də heç nə demir, amma şəklinə baxan kimi hamı bu bitkini tanıyacaq. Alabəzək, iri yarpaqlı bu bitki evimizdə bəslədiyimiz ilandır. Mübaliğəli hesab edə bilərsiniz, lakin həqiqətən də bitkinin şirəsi ağır toksiki maddələrdən ibarətdir.
Bu bitkidən canını fəsadsız qurtaranlar “Fələyin övladları”dır, yəni bəxtləri gətirib.
Təhlükə dərəcəsi toksinin bədənə necə daxil olmasından - dəridən və ya udulmaqdan asılıdır. Təsadüfən yarpağını qopara və sonra şirəli barmağı ağzınıza vursanız, kiçik bir hissəsi belə ürək döyüntülərinin şiddətli nizamsızlığına və ürək dayanmasına səbəb ola bilər.
Kəsiklər və ya selikli qişalar vasitəsilə qan dövranına daxil olduqda, şiddətli intoksikasiyaya səbəb olur. Onun bir damla şirəsi qırtlağın dərhal şişməsinə gətirib çıxarır. İnsan müvəqqəti olaraq danışa bilmir, hətta kəsiksiz sağlam dəriyə düşəndə də kimyəvi yanıqlar yaradır. Gözlərlə təmasda olduqda konyunktivitə və müvəqqəti korluğa səbəb ola bilər.
Bu bitkilərdən kimdə varsa, əslində evdən çıxarmaq daha məqbul hesab olunardı. Amma heyfiniz gəlir, mərhəmətiniz yol vermirsə, ehtiyat tədbirləri görmək vacibdir. Uşaqlardan əlçatmaz yerdə saxlayın.
Evin elə küncünə qoyun ki, özünüz də təmizlik edəndə bitkini zədələyib onun şirəsinə məruz qalmayasınız.
Yarpaqlarını silmək və budamaq istəsəniz qalın rezin əlçək geyinin. Hətta əlçəklə toxunsanız belə, bitki ilə təmasdan sonra əllərinizi sabun və su ilə yaxşıca yuyun və ona qulluq edərkən heç vaxt gözlərinizi ovuşdurmayın. Mümkün qədəriylə eynək taxın ki, sıçrama da olmasın.