Gündə təxminən 180 qram süd içmək insult riskinin azalması ilə əlaqəli ola bilər.
"Bakupost" xəbər verir ki, bu qənaətə yapon alimləri gəliblər. Tədqiqatçılar süd istehlakının artırılmasının ölkə əhalisi arasında insult hallarına mümkün təsirini riyazi model əsasında qiymətləndiriblər.
2026-cı ildə Nutrients jurnalında dərc olunan araşdırmada 30-79 yaş aralığında olan yaponiyalıların məlumatları təhlil edilib. Alimlər mövcud süd məhsulları istehlakını gündə iki porsiya süd məhsulunun qəbul edildiyi hipotetik ssenari ilə müqayisə ediblər. Bu isə təxminən 180 qram süd deməkdir.
İştirakçıların ilkin məlumatlarına görə, orta hesabla gündə cəmi 61,8 qram süd istehlak olunub.
Modelə əsasən, mövcud istehlak səviyyəsi dəyişməsə, 10 il ərzində Yaponiyada təxminən 1,76 milyon insult hadisəsi baş verə bilərdi.
Süd istehlakı gündə 180 qrama çatdırılsaydı, hesablamalara görə, insult hallarının sayı təxminən 123,6 min azalacaqdı. Bu isə təxminən 7 faizlik azalma deməkdir. İnsultdan ölüm hallarının isə 18,7 minə yaxın azalacağı proqnozlaşdırılıb. Bəzi yaş və cins qruplarında gözlənilən azalma 10,6 faizə qədər olub.
Südün tərkibində orqanizmin fəaliyyəti üçün vacib olan kalsium, kalium, maqnezium, zülal və B12 vitamini kimi qida maddələri var. Xüsusilə kaliumun ürək-damar sağlamlığı baxımından əhəmiyyətli olduğu qeyd edilir. O, arterial təzyiqin tənzimlənməsində iştirak edir. Yüksək qan təzyiqi isə insult üçün əsas risk faktorlarından biridir. Bununla belə, alimlər südün hansı komponentinin bu statistik əlaqəni izah etdiyini müəyyən etməyiblər.
İnsult riskinə arterial təzyiq, siqaret, xolesterin səviyyəsi, diabet, artıq çəki, fiziki aktivlik və ümumi qidalanma xüsusiyyətləri də daxil olmaqla çoxsaylı amillər təsir göstərir.
Yapon alimlərinin araşdırması süd məhsulları ilə insult riski arasında əlaqə olduğunu göstərən ilk tədqiqat deyil. Əvvəlki meta-analiz və sistematik icmallarda da daha çox süd və süd məhsulları qəbul edənlərdə insult riskinin statistik olaraq daha aşağı ola biləcəyi göstərilib.
Lakin müxtəlif araşdırmaların nəticələri bir-birindən fərqlənir. Süd, qatıq, pendir və müxtəlif yağlılıq dərəcəsinə malik məhsulların insult riski ilə əlaqəsi də eyni olmaya bilər.
Mütəxəssislər bildirirlər ki, insultun qarşısının alınmasında ən vacib dəyişdirilə bilən risk faktorlarından biri yüksək arterial təzyiqdir. Bununla yanaşı, siqaretdən imtina, müntəzəm fiziki aktivlik, xolesterin və qan şəkərinin nəzarətdə saxlanılması, sağlam çəkinin qorunması və balanslı qidalanma da mühüm əhəmiyyət daşıyır.