Almaniyada hərbi xidmətə hazır olmaqla bağlı sorğu vərəqələrini müəyyən olunmuş müddətdə doldurmayan gənc kişilər cərimə olunacaqlar.
“Bakupost” “Handelsblatt” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum anketi vaxtında cavablandırmayan şəxslərə qarşı inzibati xətalar haqqında iş üzrə icraata başlayıb. Cərimənin məbləği 250 avroyadək çata bilər.
“Hərbi xidmət haqqında sorğu vərəqəsinə məhəl qoymayanlar indi cərimə ödəməli olacaqlar”, – deyə “Sueddeutsche Zeitung” nəşri yazır.
Qeyd edək ki, könüllü hərbi xidmət haqqında qanunun yeni redaksiyasına əsasən, yanvar ayından etibarən hərbçilər 18 yaşına çatmış gənclərə məktublar göndərirlər. Kişilər blankı 4 həftə ərzində doldurmağa borcludurlar, qadınlar isə bunu könüllü olaraq edə bilərlər. Vaxtında cavab verilmədikdə, adətən, 2 həftəlik yeni müddətlə xatırlatma məktubu göndərilir.
Müdafiə Nazirliyinin sentyabrın 30-na olan məlumatına görə, ümumilikdə 492,8 min məktub göndərilib (onlardan 253 mini kişilərə, 239,8 mini qadınlara). Kişilərin təxminən 96%-i sorğunu vaxtında və ya ayrılan əlavə müddət ərzində cavablandırıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Berlində yüzdən çox məktəbli hərbi xidmətə qarşı etiraz aksiyası keçirmişdi.