Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub.
"Bakupost" xəbər verir ki, layihəyə əsasən, Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Palata sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, sığorta sirri hesab edilən məlumatlara çıxışın əldə edilməsinin prosesə hansısa ciddi təsirinin olacağı qənaətində deyil:
“Ən azından bunun iqtisadi proseslərə ciddi təsiri olmayacaq. Bu hüquqi bir dəyişiklikdir. Onun hansısa bir formada iqtisadiyyata təsirlərini görmək mümkün deyil”.
Ekspert hesab edir ki, layihənin əsas məntiqi Naxçıvan Muxtar Respublikasının yerli səlahiyyətlərinin xeyli azaldılmasıdır: “Nəticədə Hesablama Palatasının yerli orqanların fəaliyyətinə nəzarət etmək üçün daha çox səlahiyyət əldə etməsinə imkan yaranır”.
Rüfət Sultan,
BakuPost