Hesablama Palatasının səlahiyyətləri genişləndirilir.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında müzakirə edilən “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, HP-nin məlumat əldə etmək səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur. Ona əsasən qurum audit və maliyyə nəzarəti məqsədilə dövlət qurumlarından, bələdiyyələrdən, hüquqi və fiziki şəxslərdən daha geniş həcmdə məlumat tələb edə biləcək. Bununla yanaşı, Palatanın kommersiya, vergi, bank və sığorta sirri təşkil edən məlumatlara çıxışı da mümkün olacaq.
Qanun layihəsində Hesablama Palatasının texnoloji imkanlarının artırılması da nəzərdə tutulur. Belə ki, dövlət auditi ilə bağlı ayrıca informasiya sisteminin yaradılması və Palatanın həmin sistemdən istifadə etməsi təklif olunur. Qurum üzvləri habelə dövlət auditoru statusu alacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov
Bakupost.az-a bildirib ki, təklif olunan dəyişiklik icra prosesində səmərəli istifadə olunarsa, bu Hesablama Palatasının vəsaitlərə nəzarətini artırmaqla yanaşı, prosesin daha səmərəli təşkilinə də təkan verəcək:
“Uzun müddətdir ki, Azərbaycanda Hesablama Palatasının həm maddi-texniki bazasının genişləndirilməsi, həm məlumatlara çıxış imkanının artırılması, eyni zamanda, əhatə olunan audit predmetinin genişləndirilməsi yönündə davamlı təkliflər verilir. Həmçinin, Hesablama Palatası auditorlarının statusu məsələsinin gücləndirilməsi də önə çəkilir.
Təklif edilən dəyişikliklər icra prosesində səmərəli şəkildə idarə və istifadə olunarsa, yaranmış vəziyyət Hesablama Palatasının dövlət və ictimai vəsaitlərə nəzarətini artırmaqla yanaşı, prosesin daha səmərəli təşkili, bu istiqamətdə daha dəqiq audit yoxlamaların aparılması, sui-istifadə hallarının qarşısının alınması, korrupsiya ilə mübarizənin effektivliyinə müsbət töhfə verə bilər”.
Ekspertin sözlərinə görə, belə vəziyyət konsolidasiya siyasətinə də bu və ya digər şəkildə töhfə verəcək:
“Hesablama Palatasının güclü olması, maddi-texniki bazasının genişləndirilməsi, il ərzində daha böyük vəsaitlərə auditin təşkili, bu istiqamətdə nəzarət imkanı yaratmaqla, məsuliyyəti gücləndirmək və büdcədən yayındırılan vəsaitlərin zamanında müəyyən edilərək, büdcəyə qaytarılması baxımından müsbət imkan yaradacaq”.
Rüfət Sultan, BakuPost