Həyətyanı sahələri ağcaqanad, gənə və digər zərərvericilərdən qorumağın təbii yolu tapılıb. Bağbanlar və mütəxəssislər kimyəvi dərmanlar yerinə xüsusi bitkilərdən istifadə etməyi məsləhət görürlər.
Bakupost.az xəbər verir ki, güclü qoxusu ilə həşəratları ərazidən uzaqlaşdıran ən effektiv bitkilərin siyahısı açıqlanıb.
Siyahıda ilk sıranı lavanda tutur. İnsanlar üçün rahatladıcı olan bu qoxu ağcaqanad, milçək və gənələri qovur. Ekspertlər lavandanı həyətin günəş görən hissələrində və ya qapı kənarlarında əkməyi tövsiyə edirlər.
Kəskin qoxuya malik nanə və reyhan da güclü qoruyucu vasitə hesab olunur. Ağcaqanadlar, qarışqalar və hətta gəmiricilər nanə olan mühitdən qaçırlar. Reyhan isə tərkibindəki efir yağları sayəsində milçəklərin qarşısını kəsir. Həyətdəki oturma sahələrinin yaxınlığında bu bitkilərə yer vermək yay aylarında rahatlıq təmin edir.
Tərəvəz əkən şəxslər üçün isə məxməri çiçək faydalı ola bilər. Özünəməxsus kəskin qoxusu olan bu çiçək pomidor və bibərə zərər verən həşəratları sahədən uzaqlaşdırır. Bağ xəstəliklərinin qarşısını almaq üçün onu ləklərin kənarlarına əkirlər.
Siyahıda yer alan rozmarin həm də zərərvericilərə qarşı daxili maneə yaradır. Manqal edilən zaman kömürün üzərinə atılan bir neçə budaq rozmarin tüstü vasitəsilə həşəratları dərhal ərazidən qovur.