Ru
12:22 / 15 Oktyabr 2026

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

Hicab iddialarına Xomeyninin sözləri ilə  - Cavab
Eye

İran İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin 6 yanvar 1988-ci ildə o zamankı İran prezidenti Əli Xameneiyə yazdığı məktub siyasi islamın mahiyyətini anlamaq baxımından olduqca maraqlıdır.

"Bakupost" xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

“Xamenei dövlət hakimiyyətinin dini qanunların çərçivəsində fəaliyyət göstərməli olduğunu bildirmişdi. Xomeyni isə onun bu izahını kifayət qədər geniş hesab etməyərək, İslam dövlətinin səlahiyyətlərini daha üstün mövqedən izah etmişdi.

Xomeyniyə görə, İslam dövlətinin maraqlarını qorumaq naminə hətta müəyyən dini hökmlərin tətbiqi dayandırıla bilər. O yazırdı: “İslam ölkəsinin maraqlarına zidd olduğu hallarda hökumət Həcc ziyarətinin yerinə yetirilməsini müvəqqəti dayandıra bilər” (“The government can temporarily stop the performance of Hajj ... at times when it is against the interests of the Islamic country”).

Xomeyni bununla kifayətlənmirdi. O, dövlətin zərurət yarandıqda məscidi bağlamaq, dini müqavilələri ləğv etmək və hətta bəzi ibadətlərin icrasını müvəqqəti məhdudlaşdırmaq səlahiyyətindən danışırdı.

Bu yanaşma 1988-ci ildə İranın Məsləhət Şurasının yaradılması ilə siyasi institut səviyyəsində də öz əksini tapdı.

Başqa sözlə, Xomeyninin nəzəriyyəsində İslam dövlətinin mövcudluğu və maraqları o qədər mühüm sayılırdı ki, onların qorunması üçün bəzi dini öhdəliklərin tətbiqinin dayandırılması belə mümkün hesab edilirdi”, - o bildirib.

E.Həsənli əlavə edib ki, əgər İslam dövləti öz siyasi quruluşunu və maraqlarını qorumaq üçün bu qədər geniş səlahiyyətlərə malik ola bilərsə, Azərbaycan Respublikası öz dünyəvi dövlət quruluşunu qorumaq üçün niyə qətiyyətli tədbirlər görməsin?

“Niyə dini-siyasi dövlət qurmaq istəyənlər öz ideologiyalarını qorumağı müqəddəs vəzifə sayırlar, amma dünyəvi dövlətin öz konstitusion prinsiplərini müdafiə etməsini qəbuledilməz hesab edirlər?

Əlbəttə, burada bir fərq var.

Biz dünyəvi dövləti qorumaq üçün Xomeyninin avtoritar idarəçilik üsullarını deyil, hüququn aliliyini, demokratik institutları və vətəndaş azadlıqlarını müdafiə etməliyik”, - o vurğulayıb.

Jurnalistin fikrincə, dini geyim mübahisəsindən istifadə edərək dövlətin dünyəvi quruluşunu dəyişdirməyə çağırmaq fərqli məsələdir:

“Bu fərqi görmək üçün Xomeyninin siyasi İslam haqqında digər fikirlərinə də nəzər salaq.

Xomeyni İslam və siyasət haqqında nə deyirdi?

“İslam bütövlükdə (və ya mahiyyəti etibarı ilə) siyasətdir”, - Xomeyninin 1964-cü ildəki çıxışından.

“Onun siyasəti ibadətləri ilə birləşmişdir”, - Xomeyninin 1978-ci ildəki çıxışından.

“O, namaz, oruc və həcc də daxil olmaqla, bütün ikinci dərəcəli dini hökmlərdən üstün tutulur”, - Burada “o” dedikdə İslam dövlətinin hakimiyyəti nəzərdə tutulur.

Bu fikirlər Xomeyninin təsəvvüründə dinin yalnız şəxsi inanc və ibadətdən ibarət olmadığını, dövlət hakimiyyətinin və siyasi sistemin əsasına çevrilməli olduğunu göstərir.

Əlbəttə, Xomeyninin baxışlarını bütün müsəlmanlara aid etmək doğru deyil. Hicab taxan hər bir qadını siyasi İslam tərəfdarı kimi təqdim etmək də ədalətsizlik olardı. Lakin dini etiqad azadlığını müdafiə edənlərlə dini qaydaları bütün cəmiyyətə dövlət qanunu kimi tətbiq etmək istəyənləri fərqləndirməliyik.

Azərbaycanda hicab mübahisəsini siyasi kampaniyaya çevirən təşkilatlardan soruşmağa haqqımız var: Sizin son məqsədiniz insanların dini azadlığını qorumaqdır, yoxsa Azərbaycanda dünyəvi dövlət quruluşunu şəriətə əsaslanan siyasi sistemlə əvəz etmək?

Birinci məqsəd konstitusion hüquqların müdafiəsidir.

İkinci məqsəd isə siyasi hakimiyyət və dövlət quruluşu uğrunda mübarizədir.

Azərbaycan dövləti dini azadlığı təmin etməklə yanaşı, zorakılığa, məcburiyyətə və konstitusion quruluşun qanunsuz yolla dəyişdirilməsi cəhdlərinə qarşı qətiyyətli olmalıdır...”

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar