ADMİU nəzdində Humanitar Kollecdə “Təhsildə əməkdaşlıq və innovasiya” mövzusunda tədbir təşkil edilib.
Bakupost.az xəbər verir ki, tədbirin əsas məqsədi təhsildə əməkdaşlıq imkanlarının genişləndirilməsi, innovativ yanaşmaların təşviqi və bu sahədə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi olub.

Proqram çərçivəsində qonaqlar əvvəlcə Kollecin Dekorativ tətbiqi sənət və bədii xalça ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Akt zalında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rəsmi hissədə ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova açılış çıxışı edib. O, təhsildə əməkdaşlıq və innovativ yanaşmaların əhəmiyyətindən, beynəlxalq tərəfdaşlıqların rolundan bəhs edib.
Ardınca millət vəkilləri Günay Ağamalı və Müşfiq Cəfərov çıxış edərək təhsilin inkişafı, gənclərin təşəbbüslərinin dəstəklənməsi və innovativ təhsil mühitinin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər arasında Media Şurasının İdarə Heyətinin üzvü, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, İstanbul Aydın Universitetinin nümayəndəsi Vüsalə Hüseynova, “Edutime” Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Fərid Şahbazlı və mərkəzin əməkdaşı Ləman Heydərli də olub. Onlar təhsil–media əməkdaşlığı, beynəlxalq təcrübə və innovativ təhsil layihələri barədə fikirlər səsləndiriblər.
Görüş çərçivəsində ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralovaya təhsilin inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə plaketi təqdim olunub.
Daha sonra “Edutime” Təhsil və İnkişaf Mərkəzinin təşkil etdiyi təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub. Bildirilib ki, təlimin tərəfdaşları İstanbul Aydın Universiteti və Kıbrıs Aydın Universitetidir.
Proqram bədii hissə ilə davam edib. Mini konsertdə kollecin müəllim və tələbə heyətinin təqdimatında “Ritm kompozisiyası”, “Bulaq suyu, dağ havası”, “Sevgilim” və “Zəngəzur” adlı musiqi əsərləri səsləndirilib.