ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Kreyq Holdman Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin “İbrahim sazişləri”nə daxil edilməsinə dair qanun layihəsi təqdim edib.
Bakupost.az xəbər verir ki, o, qanun layihəsinin Palatadakı müqaviləyə dəstək qrupunun bütün 25 üzvü tərəfindən imzalandığını bildirib.
Qeyd edək ki, “İbrahim sazişləri” İsraillə bəzi ərəb ölkələri arasında diplomatik, iqtisadi və mədəni münasibətlərin normallaşması haqqında tarixi müqavilələr seriyasıdır. Bu istiqamətdə ilk müqavilə 2020-ci ilin 15 sentyabrında BƏƏ, Bəhreyn və İsrail arasında imzalanıb. Ardınca, Sudan və Mərakeş də prosesə qoşulub. Hazırkı situasiyada isə Qazaxıstanın da qoşulması və Azərbayanın da orada iştirakı nəzərdən keçirilir.
Siyasi şərhçi Abutalıb Səmədov
Bakupost.az-a bildirib ki, hazırkı situasiyada Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmasını məqsədəuyğun hesab etmir:
““İbrahim sazişləri” ərəb dövlətlərilə İsrail arasında münasibətlərin normallaşdırılması məqsədilə ortaya çıxıb. Azərbaycanla İsrail arasında münasibətlər kifayət qədər yaxşıdır. İsrail Azərbaycanın ən mühüm strateji tərəfdaşlarından biridir. Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə diqqət çəkərək, əslində “İbrahim sazişləri”nə ölkəmizin qoşulmasına ehtiyac olmadığını bildirib. Gələcəkdə bu barədə düşünmək olar. İndiki şəraitdə isə onun Azərbaycana yaxşı nəsə verəcəyinə inanmıram. Sazişə qoşulmadan belə qonşularımız İrana hücumun Azərbaycan ərazisindən başladığı barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Hələlik gözləyək görək ABŞ ilə İran arasında sülh sazişi imzalanacaqmı? Hansı ki, indiki şəraitdə bu çətin görünür. İranla qonşu ərəb dövlətlərilə münasibətlər arzuolunan səviyyəyə qalxacaqmı? Yəni bölgədə əmin-amanlıq təmin olunduğu halda “İbrahim sazişləri”lə bağlı məsələ müzakirə oluna bilər”.
Rüfət Sultan, BakuPost