Ru
17:21 / 28 Sentyabr 2026

İçməli su axan Ramana kanalı indi niyə zibilliyə çevrilib?

İçməli su axan Ramana kanalı indi niyə zibilliyə çevrilib?
Eye

Bakı ətrafı ərazilərdə bir sıra göllər çirkab tullantılarla doldurulur. Bu hala xüsusən də Ramanadakı su kanalında rast gəlinir. Bu barədə video görüntülər də var.

Görüntülərdən də məlum olur ki, Ramana qəsəbəsindəki su kanalına çirkab suları, məişət tullantıları axıdılmaqda davam edir. Plastik şüşələr, sellofanlar, bir sözlə, məişətdə istifadə olunan nə varsa, bu kanalda görmək mümkündür.

Halbuki yerli sakinlərin dediyinə görə, kanal əvvəllər içməli təmiz su mənbəyi olub. İndi isə içməli sudan və kanalın mənzərəsindən əsər-əlamət qalmayıb.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, bu məsələdə məsuliyyət bir az da sakinlərin üzərinə düşür.

Ekoloq Sadiq Həsənov “Bakupost”a bildirib ki, Ramana kanalı da daxil olmaqla, bir sıra bu tip su kanallarının çirklənməsində əsas “rolu” sakinlər oynayır:

“Təəssüf ki, əhali bir çox hallarda tullantıları göllərə, kanallara atmağa üstünlük verir”.

Ekspertin fikrincə, belə ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığına görə bəzən çirkab suları, məişət tullantıları da ora axıdılır:

“Nəticədə belə acınacaqlı vəziyyət yaranır və vaxtilə içməyə yararlı olan kanal çirklənir. Əslində Ramana kanalı böyük statusa malik deyil. Ancaq göründüyü kimi çirklənmə ətraf mühitə diskomfort vəziyyət yaradır”.

Bu isə müsahibimizə görə, insanların normal nəfəs almalarını çətinləşdirməklə yanaşı, bəzi xəstəliklərin yaranması və baktereoloji vəziyyətin ağırlaşmasına rəvac verə bilər.

Problemin həlli üçün isə ekoloq əhali arasında geniş maarifləndirmə işlərinin aparılması və inzibati cəzaların işə salınmasını vacib bildi:

“Bakı ətrafı kanal və göllərdə belə halların baş verməməsi üçün yerli sakinlərlə mütəmadi görüşlər keçirib, onların maarifləndirilməsi həyata keçirilməlidir. Bu tədbir öz nəticəsini vermədikdə, proses təkrarlanmağa davam etdikdə isə inzibati metodlar, müxtəlif cəzalar işə salınmalıdır. Bu addımlar atılarsa, Ramana və digər ərazilərdəki çirklənmiş su kanallarını yenidən əvvəlki təmiz vəziyyətinə qaytarmaq mümkün olar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar