Ru
15:32 / 20 Oktyabr 2026

İctimai iaşədə 2,3 milyardlıq rekord dövriyyə: Restoran sahibləri niyə gəlirdən narazıdır?

İctimai iaşədə 2,3 milyardlıq rekord dövriyyə: Restoran sahibləri niyə gəlirdən narazıdır?
Eye

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi real ifadədə 8% artaraq 2,3 milyard manatı ötüb. Lakin dövriyyənin yüksəlməsi restoran və kafelərin gəlirliliyinin də artması demək deyil.

Hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova “Bakupost”a bildirib ki, artım bir neçə amillə bağlıdır. Onun sözlərinə görə, istehlak vərdişləri dəyişir, xüsusilə böyük şəhərlərdə restoran və kafelər yalnız xüsusi günlərdə deyil, gündəlik qidalanma, işgüzar görüşlər, dostlarla vaxt keçirmək və ailəvi istirahət üçün də seçilir.

İqtisadçı qeyd edib ki, xarici turistlərin, regionlara səfər edən yerli vətəndaşların və işgüzar səfərlərin yaratdığı tələb, xüsusilə Bakı, turizm mərkəzləri və nəqliyyat qovşaqlarında fəaliyyət göstərən obyektlər üçün əhəmiyyətlidir.

Vüsalə Əhmədovanın fikrincə, dövriyyənin yüksəlməsi restoran və kafelərin mənfəətinin artdığını deməyə əsas vermir. Təkcə dövriyyə göstəricisi əsasında müəssisələrin nə qədər mənfəət əldə etdiyini müəyyənləşdirmək mümkün deyil. Restoranın maliyyə nəticəsi satışlardan nə qədər vəsait daxil olmasından deyil, həmin gəlirin əldə edilməsi üçün çəkilən xərclərdən sonra nə qədər pul qalmasından asılıdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7%, ərzaq məhsulları, içkilər və tütün məhsulları üzrə qiymətlər isə 6,9% artıb. İqtisadçı bildirib ki, bu göstəricilər restoranların faktiki xərclərinin yüksək olduğunu deməyə əsas verir.

Rəqabətə gəlincə, Vüsalə Əhmədova qeyd edib ki, xüsusilə Bakı və digər iri şəhərlərdə müştərilərin geniş seçim imkanları, qiymət həssaslığı və müxtəlif xidmət formatları rəqabəti gücləndirir.

Onun sözlərinə görə, böyük şəbəkələr satınalma həcmi, reklam büdcəsi və standartlaşdırılmış idarəetmə baxımından rəqabət üstünlüyünə malikdirlər. Bununla belə, bazarın bütün seqmentləri üzrə rəqabətin səviyyəsini vahid rəqəmlə ifadə etmək üçün obyektlərin sayı, bazar payları, bağlanan və açılan müəssisələr kimi məlumatlar lazımdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar