Ru
21:57 / 27 İyul 2026

İki müharibə Azərbaycanın bir addımlığına çatdı – Bizi nə gözləyir?

İki müharibə Azərbaycanın bir addımlığına çatdı –  Bizi nə gözləyir?
Eye

Son günlər Ukraynanın Xəzər dənizində Rusiya və İran gəmilərini vurması iki müharibənin sərhədlərimizə yaxınlaşması kimi təqdim edilir. Bu, xüsusi narahatlıq yaradır. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi sərnişin təyyarəmizin vurulması və nəticədə böyük faciə yaşanmasına səbəb olub.

Azərbaycan bu gözlənilməz və arzuolunmaz vəziyyətə qarşı nə kimi addımlar atacaq? Özünü necə sığortalayacaq? Bu, bilərəkdən edilir? Azərbaycanı da müharibəyə qoşmağa çalışırlar?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov Rusiyanın Ukraynaya hücum etdiyi ilk günlərdən Xəzər regionunun gərginlik coğrafiyasına çevriləcəyi ilə bağlı narahatlıqlar olduğunu bildirib:

“Bunun əsas səbəbi Rusiyanın müharibənin əvvəlindən Xəzər dənizindəki donanmasının imkanlarından istifadə edərək bu ərazidən Ukraynanı atəşə tutması idi. Hələ o vaxt ehtimal edilirdi ki, Ukrayna bu hücumları cavabsız qoymayacaq və müharibə daha geniş coğrafiyanı əhatə edəcək. Son bir ildə Ukraynanın Rusiyanın Xəzər dənizindəki hərbi obyektlərinə və donanmasına endirdiyi zərbələr bu ehtimalların gerçəkləşdiyini göstərir. Son hadisə, yəni İranın Rusiyaya hərbi yük daşıyan gəmisinin hədəfə alınması isə gərginliyi daha da artırdı və coğrafiyasının genişlənməsi ehtimalını gücləndirdi. İranın bu hadisədən sonra verdiyi açıqlamalar da bunu göstərir”.

Politoloq bildirib ki, Azərbaycan bu müharibənin təsirlərindən mümkün qədər kənarda qalmağa çalışır, lakin buna hər zaman nail olmaq mümkün olmur:

“Bu müddətdə Rusiyanın Ukraynada ölkəmizə məxsus obyektləri, xüsusilə diplomatik nümayəndəliklərin binaları, SOCAR-a məxsus obyektlər və Azərbaycan qazını Ukraynaya ixrac edən qaz kəməri zərbələrə məruz qalıb. Azərbaycan bununla bağlı Rusiya tərəfinə etirazını bildirib və müvafiq çağırışlar edib. Bütün bunlar Azərbaycanın öz maraqlarını qorumaq və gərginlikdən kənarda qalmaq siyasətinin tərkib hissəsidir. Son hadisə ilə bağlı Ukrayna tərəfi bildirir ki, İranın Rusiyaya hərbi dəstəyi səbəbindən bu cür yükləri daşıyan obyektlər və nəqliyyat vasitələri, o cümlədən gəmilər legitim hərbi hədəf hesab olunur. İran isə buna cavab zərbələri endirə biləcəyi ilə bağlı xəbərdarlıqlar edir.

Şübhəsiz ki, ölkəmizin həm şimalında, həm də cənubunda davam edən müharibələr regionu gərginlik mərkəzinə çevirir. Azərbaycan isə bu günə qədər münaqişə tərəfləri ilə normal münasibətləri və dialoqu qoruyan nadir ölkələrdən biri olub. Məhz bu siyasət ölkəmizin gərginlikdən kənarda qalmasına imkan yaradıb. Azərbaycan bundan sonra da çevik xarici siyasəti sayəsində bunu bacaracaq”.

Ekspertin sözlərinə görə, Ukraynanın İran gəmisinə endirdiyi zərbə təsadüf nəticəsində baş verməyib:

“Çünki iki ölkə arasında münasibətlər onsuz da gərgindir və bunun tarixi Rusiya-Ukrayna müharibəsindən əvvələ gedib çıxır. Həmin dövrdə İran ərazisində Ukraynaya məxsus sərnişin təyyarəsi vurulub. İran əvvəlcə bunu inkar etsə də, sonradan məsuliyyətini etiraf etdi. Bundan əlavə, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra İran 2022-ci ilin payızından etibarən Rusiyanı “Şahid” pilotsuz uçuş aparatları və ballistik raketlərlə təmin edən əsas ölkələrdən birinə çevrilib. Bu isə Ukraynanın ciddi etirazına və beynəlxalq reaksiyalara səbəb olub. Hazırkı mərhələdə Kiyevin bu addımı onun özünümüdafiə hüququ çərçivəsində qiymətləndirilir. Ukrayna son bir ildə Rusiyanın dərinliklərində yerləşən logistika və təchizat mərkəzlərini hədəfə alaraq hərbi imkanlarını zəiflətməyə çalışır. İran gəmisinin vurulmasını da Rusiya ordusunun təchizat zəncirinə zərbə kimi əsaslandırır.

Bu baxımdan vəziyyət kifayət qədər kritikdir və Azərbaycanı bu gərginliyə cəlb etmək istəyən qüvvələr də var. Lakin biz indiyədək balanslı siyasətimiz ilə bu proseslərdən kənarda qalmağı bacarmışıq. Ümid edirəm ki, Azərbaycan bundan sonra da regiondakı ciddi gərginliklərin mərkəzinə çevrilməyəcək”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar