ABŞ-nin Tennessi ştatında 50 yaşlı Krista Paykın edamını icra etmək mümkün olmayıb.
"Bakupost" “Qafqazinfo"ya istinadən xəbər verir ki, qadına ölümcül dozada iki iynə vurulsa da, o, huşunu itirməyib.
Vəkillərinin sözlərinə görə, məhkum xəstəxanaya yerləşdirilib.
Uğursuz edam cəhdinin səbəblərindən biri kimi müdafiə tərəfi “venalara çatma çətinliyi”ni göstərib. Paykın vəziyyəti barədə ətraflı məlumat verilmir.
“Pentobarbital (inyeksiya üçün preparat - red.) yararsız olub, ağırlaşmaların baş verdiyi zaman isə təcili tibbi yardım olmayıb - üstəlik, bütün bunlar hələ də sirr pərdəsinə bürünmüş protokol çərçivəsində baş verib”, - vəkillərin bəyanatında deyilir.
Qeyd edək ki, Payk 1995-ci ildə 19 yaşlı sinif yoldaşı Kolin Slemmeri qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib. Cinayət törədilən zaman təqsirləndirilən şəxsin 18 yaşı olub. İttiham tərəfinin iddiasına görə, Payk sevgilisinə görə Slemmerə qarşı qısqanclıq hissi keçirib. O, Slemmeri kimsəsiz bir yerə aparıb və sevgilisi ilə birlikdə ona işgəncə verərək qətlə yetirib.
Xatırladaq ki, sentyabrın 30-da ABŞ-nin federal məhkəməsi edama 1 saat qalmış onun təxirə salınması barədə qərar verib. Buna səbəb qadının uşaqlıqda cinsi zorakılığa məruz qalması və posttravmatik stres sindromundan əziyyət çəkməsi barədə ərizələrinin nəzərdən keçirilməsi ilə bağlı vəkillərin tələbi olub. Lakin elə həmin gün ABŞ-nin Ali Məhkəməsi edamın təxirə salınması haqqında qərarı ləğv edib.
Krista Paykın edamı baş tutarsa, o, Tennessi ştatında son 200 il ərzində edam edilən ilk qadın olacaq.