Ru
16:48 / 29 Sentyabr 2026

​İkinci Dünya Müharibəsindən sonra ilk: Kreml hərbi xərcləri rekorda çatdırdı

​İkinci Dünya Müharibəsindən sonra ilk: Kreml hərbi xərcləri rekorda çatdırdı
Eye

Gələn il Rusiya müdafiəyə 17,1 trilyon rubl (202,6 milyard dollar) xərcləməyi planlaşdırır ki, bu da ölkənin bütün illik büdcəsinin təxminən 35 faizini təşkil edir.

"Reuters" agentliyinin məlumatına görə, bu, müharibənin başlanğıcından bəri yeni rekorddur və Kreml yalnız İkinci Dünya Müharibəsi zamanı orduya daha çox pul xərcləyib.

“Bakupost” xəbər verir ki, hökumət sənədlərinə görə, 2027-ci ildən 2029-cu ilə qədər müdafiəyə təxminən 50 trilyon rubl (591,74 milyard dollar) xərclənəcəyi planlaşdırılır.

Onu da qeyd edək ki, Rusiyanın 2026-cı il üçün büdcə kəsirinin proqnozu ÜDM-in 1,6 faizdən 3,2 faizə qədər artıb və təxmin edilən neft və qaz gəlirləri 8,9-dan 7,6 trilyon rubla qədər azalıb.

Büdcənin üçdə birindən çoxunun təkcə hərbiyə xərclənməsi Rusiya iqtisadiyyatına nə vəd edir?

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov “Bakupost”a bildirib ki, Rusiya-Ukrayna müharibəsinin uzanması Moskvanı hərbiyə daha çox vəsait ayırmağa məcbur olmağa vadar edib. Rusiyanın hərbi xərcləri daim artırdı. Gələn il isə bu rəqəm İkinci Dünya Müharibəsindən bəri Rusiya üçün rekord məbləğ olacaq. Hərbi xərclərin federal büdcədə böyük paya malik olması əslində heç bir ölkə üçün arzuolunan deyil. O cümlədən, bu Rusiya üçün də arzuolunan deyil”.


Belə vəziyyətdə isə deputatın sözlərinə görə, Rusiya digər öhdəliklərin yerinə yetirilməsində bir sıra çətinliklərlə üzləşəcək:

“Rusiya üçün digər öhdəliklərin yerinə yetirilməsində müəyyən çağırışlar formalaşacaq. Mövcud durum Rusiya üçün iqtisadi baxımdan məqsədəuyğun hesab edilə bilməz və bu ölkəyə bir sıra iqtisadi öhdəliklərin icrasında müəyyən çətinliklər yaradacaq. Müşahidələr və son hadisələr göstərir ki, Rusiya-Ukrayna müharibəsi daha qısa zamanda başa çatacağı ilə bağlı proqnozlar da özünü doğrultmayıb”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar