Bu ilin ikinci və son Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır.
"Bakupost" xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.
Maksimum faza isə saat 21:46-da baş verəcək.
Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.
Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.
İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.