Ru
17:15 / 06 Yanvar 2026

İllərdir davam edən eskalator problemi: "Hamilə qadınlar əziyyət çəkir" - VİDEO

İllərdir davam edən eskalator problemi: "Hamilə qadınlar əziyyət çəkir" - VİDEO
Eye

Binəqədi rayonu, Azadlıq prospektində (“Azadlıq” metrosundan yuxarıda) yerləşən böyük yerüstü piyada keçidində eskalator uzun illərdir işləmir.

Bu barədəd Bakupost.az -a ərazidə yaşayan sakinlər şikayət edib.

Onların sözlərinə görə, yerüstü keçiddə eskalatorun yuxarı qalxan hissəsi işləsə də, aşağı enən hissə təxminən 3 ildir işləmir:

"Bu vəziyyət yaşlılar, hamilə qadınlar və azyaşlı uşaqlar üçün ciddi çətinlik yaradır".

Şikayətçilər bildirir ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etsələr də, problem həllini tapmayıb:

“Artıq 3 ilə yaxındır bu problem mövcuddur. Qarşımda xəstəlikdən əziyyət çəkən qadın güclə enir. Eskalatorun işləməməsi ilə bağlı işçidən soruşanda deyir ki, bu barədə məlumatı yoxdur. Daha əvvəl də video çəkib sual ünvanlamışdım, cavab olaraq bildirdilər ki, guya eskalator qəzalı vəziyyətdədir və təmir olunur. Amma problem pandemiya dövründən indiyədək davam edir. Belə vəziyyətdə adi yerüstü zolaq bundan daha yaxşı olardı. Eskalator işləməsə də, işçi tutulur, işıqlandırmaya və digər məsələlərə vəsait ayrılıb hər ay boş yerə pul silinir. Digər tərəfdə də vəziyyət belədir. Hamilə qadınlar, uşaqlar buradan güclə enirlər”, - deyə şikayətçilərdən biri qeyd edib.

Məsələ ilə bağlı Bakupost.az -ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirildi ki, şəhər infrastrukturunun təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalatorların təmiri istiqamətində işlər həyata keçirilir:

“Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar, təmir və bərpa işlərinə başlanılıb.
Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir.

Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin qiymətləndirilməsi, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır”.

Lalə Novruz, BakuPost
">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar