Ru
19:31 / 09 İyul 2026

“İnsan ruhu” “Eşqin rəngləri” ilə “Bəyaz buludlar üstdə”...

“İnsan ruhu” “Eşqin rəngləri” ilə “Bəyaz buludlar üstdə”...
Eye

Bu günlərdə yazıçı-dramaturq, texnika elmləri doktoru, çoxsaylı roman, povest, hekayə, pyes və elmi-publisistik əsərlərin müəllifi olan Hüseynbala Mirələmovun “Ruhum, gözlərini yum...”, “Eşqin rəngləri’’ və “Bəyaz buludlar üstdə” kitablarının təqdimat mərasimi keçirildi.

Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov bildirdi ki, müasir Azərbaycan ədəbiyyatında öz dəst-xətti, dərin fəlsəfi düşüncəsi ilə seçilən Hüseynbala Mirələmovun müxtəlif dillərə tərcümə edilərək dünyanın 50-dən çox ölkəsində nəşr edilən əsərləri geniş oxucu auditoriyası qazanıb. Akademik tanınmış yazıçının çoxşaxəli yaradıcılığında milli-mənəvi dəyərlərin qorunması, insan taleyi, ülvi məhəbbət, vətənpərvərlik hissi, sosial ədalət və bəşəri idealların aparıcı mövzular olduğunu diqqətə çatdırdı. Müəllifin yeni əsərlərində isə insanın mənəvi aləmi, vicdanı, sevgisi və həyat qarşısındakı məsuliyyəti yeni bədii-fəlsəfi baxış prizmasında təqdim edilir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkilləri Ziyad Səmədzadə, Eldar İbrahimov, Elçin Mirzəbəyli, Vasif Qafarov və digər çıxış edənlər Hüseynbala Mirələmovun zəngin yaradıcılığından, milli-mənəvi dəyərlərin təbliğindəki xidmətlərindən və fəal vətəndaş mövqeyindən bəhs etdilər.

Akademik Milli Dram Teatrının aktyoru Kazım Həsənquliyev müəllifin əsərindən monoloq səsləndirdi.

Sonra təqdim olunan kitablarla bağlı geniş elmi məlumat dinlənildi. Mərasim yeni əsərlərin müzakirəsi ilə davam etdi. Qeyd olundu ki, hər üç roman mövzu baxımından fərqlənsə də, ideya xətti eynidir. Müəllif bu mövzulara müxtəlif rakurslardan yanaşaraq müasir insanın daxili aləmini fəlsəfi düşüncə müstəvisində araşdırır.

“Ruhum, gözlərini yum...’’ kitabının redaktoru Bəxtiyar Qaraca bildirdi ki, romanda çağdaş dövrün mühüm mövzularından olan süni intellekt, texnoloji inkişaf və insanın mənəvi taleyindən bəhs edilir. Əsərdə texnologiyanın geniş imkanları yüksək qiymətləndirilir, elm, təhsil, tibb və həyatın digər sahələrində əvəzolunmaz rolu vurğulanır. Bununla yanaşı, müəllif diqqəti daha düşündürücü suala yönəldir: insan zəkasının məhsulu olan süni intellekt onu əvəz edə bilərmi?

Əsərin baş qəhrəmanı Leonun “mükəmməl varlıq” yaratmaq arzusu dramatik hadisələr fonunda cərəyan edir və göstərilir ki, texnologiya nə qədər sürətlə inkişaf etsə də, mənəvi dəyərlərin yerini tuta bilməz.

Professor İslam Qəribli qeyd etdi ki, redaktoru olduğu “Eşqin rəngləri” psixoloji-fəlsəfi roman insan qəlbinin incə duyğularını, sevginin mənəvi kamilləşdirici gücünü əks etdirir. Müəllif sevgini yalnız iki şəxs arasında olan hiss deyil, eyni zamanda, insanın daxili aləmini saflaşdıran, mənəviyyatını zənginləşdirən ali dəyər kimi təqdim edir. Əsərdə sədaqət, fədakarlıq, daxili mübarizə və həyat seçimləri bədii üslubda verilir.

“Bəyaz buludlar üstdə” romanında isə insanın mənəvi aləmi, həyatın mürəkkəb sınaqları və əxlaqi dəyərlər bədii-fəlsəfi müstəvidə təqdim olunur. Obrazların daxili dünyası, taleləri, üzləşdikləri çətinliklər psixoloji təhlillərlə açılır, vicdan, sevgi və məsuliyyət hissi əsərin ideya yükünü daşıyır.

Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatında aktual mövzuları və özünəməxsus üslubu ilə seçilən Hüseynbala Mirələmov televiziya və bədii filmlər üçün ssenarilər yazıb, əsərləri uğurla tamaşaya qoyulub.

"Xalq qəzeti"


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar