Bir qrup tədqiqatçı dünyada insan sayının XXII əsrin sonuna qədər 8,3 milyarddan 4 milyarda qədər tədricən azaldılmasını təklif edib.
"Bakupost" xəbər verir ki, bu barədə alimlər "Sustainable Development" elmi jurnalında məqalə dərc ediblər.
Müəlliflər hesab edirlər ki, bu rəqəm təbiətə fasilə vermək və resurs istehlakını balanslaşdırmaq üçün optimaldır.
Hesablamalara görə, planet əhalisinin yarıya qədər azaldılması avtomatik olaraq su, qida və mineral ehtiyatlara təzyiqi, emissiyaları və tullantıları azaldacaq, ərazi və xammal uğrunda mübarizədə gərginliyi azaldacaq.
Alimlər hesab edirlər ki, ən kasıb ölkələr xüsusilə əhəmiyyətli müsbət təsirlər yaşayacaq, hər kəsin həyat səviyyəsi yaxşılaşacaq.
Müəlliflərin irəli sürdüyü əsas şərt məcburiyyətin tamamilə olmamasıdır. Onlar könüllü doğum nəzarətini bu məqsədə çatmağın yeganə yolu, eləcə də aşağı gəlirli bölgələrdə qızların təhsilə çıxışının genişləndirilməsi kimi görürlər. Məqalədə vurğulanır ki, qadınlar uşaq doğmaqla bağlı həqiqi seçim azadlığı əldə etdikdə, doğum nisbəti adətən əvəzedici səviyyəyə və ya hətta ondan da aşağı düşür.
Tədqiqatçıların fikrincə, bu demoqrafik keçid təxminən 200 il çəkəcək və təcili inzibati tədbirlər tələb etməyəcək. Bu müddət ərzində vəhşi ekosistemlərə təzyiqin azalacağı, iqlim dəyişikliyinin yavaşlayacağı və biomüxtəlifliyin qorunub saxlanılacağı gözlənilir. Lakin alimlər təcili tədbirlər görməyi dəstəkləmir, əksinə, bütün planet üçün davamlı gələcəyi təmin edə biləcək uzunmüddətli ssenari təklif edirlər.
Dünya əhalisinin sayını 8,3-dən 4 milyarda endirmək məgər çıxış yoludur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
Bakupost.az-a bildirib ki, qeyd edilən bu baxış doğru deyil:
“Dünya əhalisinin azaldılması çağırışı yeni deyil. Bu nəzəriyyə 1798-ci ildə ingilis filosofu Robert Maltus tərəfindən irəli sürülüb. Məsələnin kökündə qədim səmavi dinlərə mənsub olan böyük bir insan qrupunun özlərini Yer kürəsinin sahibi elan etmələri dayanır. Bu proses indi də gedir. İnsanların say baxımdan azaldılmasında önə çəkilən məsələ odur ki, yer kürəsində insanlar həndəsi silsilə ilə artır. Belədə guya gələcək nəsillər üçün heç nə qalmayacaq. Burada dini teotik baxışla sanki darvinizm birləşir, ikincidən teotik məqsədlərə nail olmaq üçün istifadə edilir”.
Həmsöhbətimiz qeyd edir ki, həmin çağırışları edən insanlar gələcəkdə Yer kürəsinin bütün canlıları yedirtməyə qadir olmasını istəyirsə, buyurub “Qurani-Kərimi” incələsinlər:
“Müqəddəs kitabımızda isə hər şeyə israfçılıqla yanaşmağa çağırış edilir. Amma indi istehlakçı hər şeyi tükədir. İnsanlar öz nəfsinə hakim olarsa, israfçılıq olmasa, Yer kürəsi nə qədər ki, canlı mövcuddur, əbədi olaraq onu yedirtməyə qadirdir. Çünki hər şeyi özü tənzimləyir”.
Rüfət Sultan,
BakuPost