Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatına əsasən, ipotekanın əlçatanlıq indeksi iyunda 121% təşkil edib. Eyni zamanda, mənzil qiymətləri illik 8,4%, əhalinin sərəncamda qalan gəlirləri isə 10,5% artıb. Yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 10,72%-ə, bankların öz vəsaitləri hesabına verdiyi kreditlər üzrə isə 12,76%-ə yüksəlib.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov
“Bakupost”a bildirib ki, mənzil qiymətlərinin 2019-cu ildən etibarən hər il artması vətəndaşların ipoteka və daxili kreditlər vasitəsilə ev almağa marağını artıran əsas amillərdəndir.
Ekspertin sözlərinə görə, əvvəlki illərdə ipotekaya maraq o qədər də yüksək olmasa da, son illərdə əmlak qiymətlərinin davamlı artması bu tendensiyanı dəyişib. Belə ki, vətəndaş ipoteka ilə aldığı mənzilin qiymətinin növbəti ildə də artacağını nəzərə alır. Nəticədə, mənzilə yatırılan vəsaitin dəyərinin yüksəlməsi alıcılara müəyyən üstünlük verir.
Anar Nəsirov qeyd edib ki, hazırda mənzillərin ipoteka və daxili kreditlər hesabına alınmasında qiymət artımı mühüm rol oynayır. Onun fikrincə, vətəndaşlar mənzili yalnız yaşayış üçün deyil, həm də investisiya məqsədilə əldə edirlər. Mənzilin gələcəkdə daha yüksək qiymətə satılması və ya kirayəyə verilməsi alıcıların qərarlarına təsir göstərir.
Ekspert nümunə olaraq bildirib ki, 200 min manatlıq mənzil kirayəyə verildikdə illik 8 min manatdan çox gəlir gətirə bilər. Mənzilin qiymətindəki illik artım da nəzərə alındıqda, ümumi gəlir 25 min manatdan çox ola bilər. Onun sözlərinə görə, bu amillər ipoteka kreditlərinin faizləri ilə bağlı riskləri müəyyən qədər azaldır. Bununla yanaşı, ipotekanın daha şəffaf və əlçatan olması da mənzil alanların sayının artmasına təsir göstərir.
Anar Nəsirov hesab edir ki, ipotekanın əlçatanlığını artırmaq üçün orta və aşağı gəlirli vətəndaşların imkanları daha çox nəzərə alınmalıdır. Bunun əsas yollarından biri kredit müddətinin uzadılmasıdır. Ekspert ipoteka kreditlərinin hazırkı 25 illik müddətinin 30–35 ilə çatdırılmasını təklif edir.
Onun sözlərinə görə, kredit müddətinin uzadılması aylıq ödənişləri azalda və xüsusilə gənclərin, gənc ailələrin, eləcə də orta və aşağı gəlirli vətəndaşların ipotekadan yararlanmasını asanlaşdıra bilər. Ekspert hesab edir ki, müddətin ən azı 35 ilə qaldırılması daha çox insanın mənzil sahibi olmasına imkan yaradar.
Ekspert əlavə edib ki, ilkin ödənişin də minimum səviyyəyə endirilməsi vacibdir. İlkin ödənişin azaldılması və kredit müddətinin uzadılması ipoteka şərtlərini yüngülləşdirərək daha çox vətəndaşın mənzil əldə etməsinə şərait yarada bilər.
Anar Nəsirovun fikrincə, bu addımlar atılarsa, ipoteka və daxili kreditlər hesabına alınan mənzillərin sayı əhəmiyyətli dərəcədə arta bilər.
Vüsalə Hüseynova,
BakuPost