İran artıq qonşu ölkələri quru əməliyyatı ilə hədələməyə başlayıb.
Artıq bu ölkədə İraq, Bəhreyn və Küveytə qarşı quru əməliyyatının keçirilməsi vacibliyi diqqət mərkəzinə gətirilir.
"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, müvafiq bəyanatla İran parlamentinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mənuçöhr Mottaki çıxış edib.
O bildirib ki, ABŞ-nin quru müdaxiləsi başlayan kimi, İran da öz növbəsində İraq, Bəhreyn və Küveytdəki Amerika bazalarına qarşı quru əməliyyatına başlayacaq.
İranın bu hədəsi nə dərəcədə realdır?
Hərbi ekspert Ramil Məmmədli
Bakupost.az-a bildirib ki, İraqda İrana bağlı güclü proksi qüvvələr var:
“Küveytə gəldikdə, bu ölkənin ərazisi, potensial və imkanları İrana qarşı müqavimət göstərməyə qadir deyil. Bəhreyndə isə vəziyyət fərqlidir. Bu ölkə əhalisinin böyük hissəsi şiə məzhəbinə bağlıdır. Bu mənada yəqin ki, İran uzun illər orada öz xeyrinə müəyyən işlər aparıb, burada mövqeyini gücləndirə bilib.
İran İraqdakı ABŞ-yə məxsus Viktoriya hərbi bazasına davamlı olaraq hava hücumları həyata keçirib. Küveyt və Bəhreyndə də eyni hadisələrin şahidi olmuşuq”.
Müsahibimizin sözlərinə görə, İranın sözügedən hədələrinin arxasında müəyyən reallıqlar dayanır:
“Onu da unutmayaq ki, İraq içindəki Tehrana bağlı proksi qüvvələri belə bu ölkədə hərbi müdaxilə reallaşdıra bilərlər. Bu mənada İrandan İraqa ordu yeridilməsinə ehtiyac yoxdur. Küveytə hücum isə yalnız İranın öz ərazisi vasitəsilə mümkündür”.
Amma ekspert Mottakinin diplomat olduğunu nəzərə alaraq, onun dediklərini informasiya müharibəsinin tərkib hissəsi olan siyasi gediş kimi dəyərləndirdi.
R. Məmmədlinin fikrincə, hərbi strateji baxımdan İranın sözügedən ölkələrə qarşı quru əməliyyatına başlaması hazırda real görünmür:
“Hətta ABŞ-nin İrana qarşı quru əməliyyatına başlaması da real deyil. Strateji baxımdan belə bir əməliyyat heç bir halda ABŞ üçün uğurlu sayıla bilməz”.
Rüfət Sultan,
BakuPost