Ru
17:33 / 05 İyun 2026

İran-ABŞ müharibəsi: Növbəti savaş nə vaxt olacaq?

İran-ABŞ müharibəsi: Növbəti savaş nə vaxt olacaq?
Eye

Hazırda ABŞ-də yaşayan Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Konstantin Borovoy hesab edir ki, Fars körfəzində quru əməliyyatı 5 noyabr 2026-cı ildə, yəni Amerikada keçiriləcək ara seçkilərdən dərhal sonra başlaya bilər.

Bakupost.az xəbər verir ki, o, İranla problemin quru əməliyyatı olmadan həll etməyin mümkün olmadığını deyib.

Borovoy düşünür ki, İran ara seçkilərdən əvvəl tam təslim olduğunu elan edərək, ABŞ-nin bütün şərtlərini qəbul etməsə, Vaşinqton noyabrın 5-də genişmiqyaslı quru əməliyyatına başlayacaq.

ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi, siyasi şərhçi Azər Qasımov Bakupost.az-a bildirib ki, ABŞ-nin İrana müdaxiləsinin yeni mərhələsinin başlanma ehtimalı öz aktuallığını qoruduğu bir vaxtda Trampın bununla bağlı tərəddüdlərinin getdikcə artması və İsrail Baş naziri Netanyahu ilə sözlərinin tərs gəlməsi indiki durumun uzana biləcəyini söyləməyə əsas verir:

“İran isə getdikcə öz tələblərini daha da sərtləşdirir. Bu baxımdan ABŞ-də ara seçkilərə kimi İranın danışıqlarda konstruktiv mövqe nümayiş etdirməsi ehtimalı zəifdir”.

Amma həmsöhbətimiz Trampın ara seçkilərinə görə İranla yarımçıq qalmış məsələni payıza qədər uzadacağını da inandırıcı hesab etmir:

“Əvvəla ona görə ki, indiki durumda seçkinin nəticələrinin respublikaçıların xeyrinə olma ehtimalı azdır. Eyni zamanda, seçkidən sonra konqresdə səs itkisi də Trampın əməliyyatları davam etdirməsinə mane olacaq. Ona görə də böyük ehtimalla Tramp məsələni payıza qədər uzatmayacaq”.

Bu əsasda siyasi şərhçi hesab edir ki, Tehran razılığa gəlməsə yay aylarında İrana növbəti hücum olacaq:

“İran məsələsi açıq qala bilməz. ABŞ və İsrail Yaxın Şərqə bu qədər əsgər və silah-sursat yığmışkən yarımçıq şəkildə geri çəkilməyəcəklər”.

A.Qasımovun fikrincə, İran hücumdan öncə nə idisə, indi ondan qat-qat zəifdir:

“Hesab edirəm ki, İran vaxt qazandıqca özündə süni özgüvən əmələ gəlir. Hansı ki, buna heç bir əsas yoxdur. Tramp sadəcə daha çox müharibə tərəfdarı kimi görünmək istəmir. Ona görə sülh danışıqlarını uzadır və İrana şans verir. İran hakimiyyəti bunu doğru dəyərləndirməlidir, əks halda gec olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar