İrandan gələn son açıqlamalar belə deməyə əsas verir ki, ölkə münaqişəni dayandırmaq deyil, əksinə, daha uzunmüddətli müharibəyə hazırlaşmaq barədə düşünür.
"Bakupost" xəbər verir ki, İranın ali rəhbərinin keçmiş baş müşaviri Məhəmməd Cavad Laricani ölkəsini uzun illər davam edə biləcək böyük bir hərbi münaqişəyə hazır olmağa çağırıb.
Laricani regionda alovlanan gərginliyin yaxın vaxtlarda səngiməyəcəyi və hərbi toqquşmaların qaçılmaz olduğunu vurğulayıb.
O qeyd edib ki, rəsmi Tehran uzağı üç-dörd il çəkə biləcək potensial və genişmiqyaslı müharibə ssenarilərinə qarşı tam hazır vəziyyətə gətirilməlidir.
Konfliktoloq
Üzeyir Şəfiyev "Bakupost"a bildirib ki, gözlənildiyi kimi ABŞ ilə İran arasında müharibənin üçüncü dalğası baş verməkdədir:
“Laricaninin müharibənin 3-4 il çəkəcəyi bəyanatı əslində İranın marağına cavab verən bir açıqlamadır. Konfliktin etologiyası onun diplomatik masada həllinə imkan vermir. Danışıqlarda elə tələblər qoyulurdu ki, onu tərəflərdən heç biri qəbul etmirdi. İran öz ambissiyasından əl çəkmir. İsrail isə prosesi sabotaj edirdi. Tehranla Təl-Əviv arasında səngiməyən hərəkətlənmələr isə artıq münaqişənin üçüncü dalğasını şərtləndirdi”.
Ekspertin sözlərinə görə, ABŞ-nin bu üçüncü dalğada məqsədi qısa və sürətli eskalasiya ilə deeskalasiyaya nail olmaqdır:
“ABŞ buna nail olmaq üçün də İranın enerji və loqistik strukturlarına ekstensional zərbələr endirməli, ən sonda isə xüsusi zonalara quru müdaxiləsi baş verməlidir. Bunun mümkün olacağını düşünürəm. Çünki NATO-nun Ankara sammitində təşkilat üzvləri İrana qarşı ABŞ ətrafında həmrəylik nümayiş etdirdilər”.
Həmsöhbətimiz hesab edir ki, belə bir eskalasiya bir neçə həftə davam edərsə, müharibə çox uzanmayacaq və Tehran kapitulyasiya aktını imzalamağa məcbur olacaq:
“ABŞ və İsrail, habelə NATO və Yaxın Şərqdəki müttəfiqlər tərəfindən İrana birgə həmlə həyata keçirilsə, onlar qısa zamanda məqsədlərinə nail ola bilərlər. Müharibənin uzanması ABŞ və müttəfiqlərinin mənafeyinə uyğun deyil. Onlar İrana müharibənin uzunmüddətli xarakter alması fürsətini tanımayacaqlar. Çünki ABŞ bilir ki, İranı diplomatik masada yenmək mümkün deyil. Ona görə də ABŞ İranı sahədə məğlub etməkdə israrlıdır”.
Rüfət Sultan,
BakuPost