ABŞ və İsraillə apardığı müharibə fonunda İran qonşu ölkələrə də göz dikməyə başlayıb.
Bakupost.az xəbər verir ki, İranın ali rəhbərliyinə yaxın “Keyhan” qəzeti Bəhreynin İrana məxsus olduğunu bəyan edib. Hətta mətbu orqan həmin ərazi əhalisinin özlərini iranlı hesab etidiyini və İranla birləşmək istədiklərini də iddia edir.
Qeyd edək ki, İrana qarşı müharibə dövründə ABŞ və İsrail Bəhreyn ərazisindən də Tehrana qarşı istifadə edib.
Konfliktoloq Azər Hüseynov
Bakupost.az-a bildirib ki, mövcud şəraitdə İranın Bəhreynə birbaşa hərbi müdaxiləsi və onu öz ərazisinə qatması real və rasional ssenari kimi görünmür.
Mövcud geosiyasi balans və regional güclərin həssaslığını nəzərə almaqla ekspert hesab edir ki, belə bir addım İran üçün daha çox risk və itki vəd edir:
“Amma bu İranın tam passiv qalacağı anlamına da gəlmir. Əksinə, Tehran daha çox dolayı və sistemli təsir alətlərinə üstünlük verir. Yəni klassik “yumşaq güc” mexanizmləri burada ön plana çıxır. Dini yaxınlıq, xüsusilə şiə icmaları üzərindən sosial və ideoloji təsir imkanları İran üçün uzunmüddətli strategiyanın bir hissəsidir”.
Həmsöhbətimizin fikrincə, regionda əhalinin əhəmiyyətli hissəsinin şiə olması İrana müəyyən sosial baza yaradır:
“Bunun fonunda Bəhreyndə hakimiyyətin sünni sülalənin əlində olması isə daxili balansı mürəkkəbləşdirən faktordur. Bu tip struktur fərqləri gələcəkdə xarici təsirlərə açıq zəmin yarada bilər. İran da məhz bu cür çatları birbaşa deyil, dolayı yollarla dəyərləndirməyə çalışır”.
Konfliktoloq deyir ki, İran regional qarşıdurmalardan güclənmiş şəkildə çıxacağı təqdirdə, onun Bəhreyndə təsir imkanları birmənalı şəkildə daha da artacaq:
“Amma bu təsir birbaşa hərbi formada deyil, daha çox təhsil, dini institutlar, media və sosial şəbəkələr vasitəsilə özünü göstərəcək. Qısası, İranın buradakı strategiyası sərt gücdən çox, səbirli və mərhələli şəkildə qurulan təsir mexanizmlərinə əsaslanır. Birbaşa müdaxilə isə hazırkı şəraitdə onun öz maraqlarına uyğun deyil”.
Rüfət Sultan, BakuPost