Ru
16:41 / 22 Oktyabr 2026

İran "Bütün bombaların atası"nı təqdim etməyə hazırlaşır: General “işğal edəcəyik” deyir

İran "Bütün bombaların atası"nı təqdim etməyə hazırlaşır: General “işğal edəcəyik” deyir
Eye

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hərbi doktrinanın artıq "hücum və asimmetrik" hala gəldiyini açıqlayıb.

“Bakupost” xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü, briqada generalı Hüseyn Mohebbi SNN-ə bildirib.

Yaxın Şərqdə artan gərginlik fonunda SEPAH sözçüsü İrana hücum edən istənilən ölkəni "işğal etməklə" hədələyib.

"İndi deyirik: əgər hər hansı bir ölkə bizə hücum edərsə, biz yalnız cavab verməyəcəyik, həm də onun ərazisini işğal edəcəyik. Doktrinamız hücum və asimmetrik hala gəlir. Düşmənə elə zərbə endirəcəyik ki, onlar hərəkətlərimizin bütün gücünü dərk etsinlər", - deyə iranlı general xəbərdarlıq edib.

Mohebbi həmçinin bildirib ki, SEPAH İran mediasına görə, "bütün bombaların atası" adlandırdığı yeni bir silah növünü təqdim etməyə hazırlaşır. "Biz "bütün bombaların atası"nın təqdimatı üçün hazırlıq mərhələsindəyik. Bu, düşmən üçün yeni bir şeydir", - Mohebbi deyib.

O, İranın əldə etdiyi iddia edilən yeni silah haqqında heç bir məlumat verməyib.

Siyasi şərhçi Rəşad Bayramov “Bakupost”a bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi doktrinanın hücum və asimmetrik xarakter alması barədə bəyanatı Tehranın mümkün hücumlara əvvəlki qaydada yalnız cavab verməklə kifayətlənməyəcəyini, qarşı tərəfə daha geniş miqyasda zərbə endirməyə çalışacağının göstəricisidir:
“Lakin zənnimcə bəyanatda səslənən sərt ifadələri konkret hərbi planla eyniləşdirmək düzgün olmaz. Burada həm çəkindirmə, həm də potensial rəqiblərə siyasi mesaj vermək məqsədi görünür”.

İranın başqa ölkənin ərazisini işğal etmək imkanlarına gəldikdə isə müsahibimizə görə, ilk növbədə, hərbi əməliyyatla ərazini müvəqqəti ələ keçirmək və həmin ərazidə uzunmüddətli nəzarət qurmaq arasında fərq qoyulmalıdır. Ekspertin sözlərinə görə, birabaşa quru əməliyyatları ilə hansısa ölkənin ərazisini işğal etmək İranın indiki şərtlər daxilində imkanları xaricindədir:

“İranın hələ də raket və pilotsuz uçuş aparatları, eləcə də regional təsir imkanları var. Lakin bu potensial genişmiqyaslı quru əməliyyatının həyata keçirilməsi üçün kifayət etmir. ABŞ və İsrail kimi yüksək hərbi imkanlara malik rəqiblərlə birbaşa qarşıdurma isə ümumiyyətlə İran üçün ciddi risklər yaradır.

Bu baxımdan, İranın daha real hərbi yanaşması klassik işğal müharibəsi yox, asimmetrik vasitələrlə rəqibə ciddi itkilər və iqtisadi-siyasi xərclər yaşatmaqdır. Bura raket və dron zərbələri, dəniz nəqliyyatına təzyiq, kiberməkan əməliyyatları və Tehranla əlaqəli silahlı qrupların imkanlarından istifadə daxildir”.

Müsahibimizin fikrincə, İran ən yaxşı halda hansısa məhdud sərhədyanı əməliyyatlar keçirə bilər:

“Lakin başqa bir dövlətin ərazisində uzunmüddətli hərbi nəzarət qurmaq İranın reallaşdıra biləcəyi nəticə deyil.
Odur ki, SEPAH-ın bəyanatını yalnız İranın çəkindirmə siyasətini sərtləşdirmək və mümkün rəqiblərin qərarlarına təsir göstərmək cəhdi kimi qiymətləndirə bilərik”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar