Ru
15:40 / 13 Avqust 2026

İran Hörmüzə nəzarət edir, ABŞ isə blokadaya alıb: Bu oyundan kim qalib çıxacaq?

İran Hörmüzə nəzarət edir, ABŞ isə blokadaya alıb: Bu oyundan kim qalib çıxacaq?
Eye

Hörmüz boğazı ətrafında müəmma davam edir.
Bir tərəfdən İran boğazı bağlayaraq, oradan keçən gəmilərdən müəyyən rüsum aldıqdan sonra onları buraxır. O biri tərəfdən də, ABŞ boğazın blokadasını davam etdirir. ABŞ Prezidenti Donald Tramp da deyib ki, Amerika silahlı qüvvələri boğaza nəzarəti davam etdirəcək.

Mövcud prosesdə görəsən tərəflərdən hansı daha üstün mövqedədir? İran bu prosesdən maliyyə baxımdan qazanmırsa, bu oyunu aparmaqda nə məqsəd daşıyır?

Siyasi şərhçi Abutalıb Səmədov "Bakupost"a bildirib ki, İran boğaza nəzarət etsə də, həmin yoldan istifadə etməklə heç nə göndərə və ala bilmir. Bu da ekspertə görə onu göstərir ki, boğaza nəzarət əslində İrana heç nə vermir:

“ABŞ və İranın hər biri Hörmüz boğazına nəzarətin onlara məxsus olduğunu bəyan edirlər. Ancaq bir şey aydındır ki, boğaza nəzarəti İran etsə də, ABŞ ərazini blokadaya alıb. Belədə isə İran demək olar ki, boğaz vasitəsilə heç nə göndərə və ala bilmir. Bu da İranın iqtisadi vəziyyətini son dərəcədə ağırlaşdırır”.

Vəziyyətdən çıxmaq üçün əlverişli şərait yaranmışdı. İran Hörmüz boğazını açaraq, müharibədən əvvəlki vəziyyətə qayıdardısa, ehtimala görə, Tramp bunu özünün qələbəsi kimi bəyan etməklə, nüvə proqramı ilə bağlı məsələlərdə israr etməyə də bilərdi. Bu o qədər də inandırıcı görünmür. Amma hər halda, Qərb mətbuatında bu cür iddialar səslənir”.

İranın bu sayaq höcəti fonunda müsahibimiz düşünür ki, növbəti savaşa hazırlıq gedir:

“İran Hörmüzü açmaq istəmir və bilə-bilə ki, qəbul olunmayacaq, ABŞ qarşısında ultimativ tələblər irəli sürür. Çox güman ki, növbəti hərbi əməliyyatlara hazırlıq gedir. Çünki hər iki tərəf də özünü məsuliyyətsiz aparır. İrana rəhbərlik edənlər nə insan ölümünü, nə ölkə iqtisadiyyatının darmadağın olmasını özləri üçün problem saymırlar”.

A. Səmədovun sözlərinə görə, İranın belə hərəkəti onun varlığını sual altında qoyacaq: “Bütün bunlardan sonra da Tehran elan edir ki, guya qalib gəlib. Ancaq bu cür qələbələr İranın sonunu gətirəcək. Onun varlığı ciddi sual altında olacaq. İranın Hörmüzlə bağlı tələbi onun özünə ziyan vuracaq və dediyim kimi artıq vurub. Boğaz əvvəlki vəziyyətinə qayıtmalıdır. Çünki bu təkcə ABŞ-nin tələbi deyil. Əksər dövlətlər bu mövqedədir. İran dünyaya qarşı meydan oxuya bilməz”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar