İraqdakı şiə qruplaşmalarının silahlarını hökumətə təhvil verməsi İranın mövqelərinə ciddi zərbə vuracaq.
"Bakupost" “Al Hadath" telekanalına istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani bəyan edib.
"İraqdakı qruplaşmaların tərk-silah edilməsi və silahların dövlətin nəzarətinə verilməsi İrana arxadan vurulan zərbə olacaq", - deyə Qaani bildirib.
Qaani həftənin əvvəlində əvvəlcədən elan olunmamış səfərlə İraqa gedib. Bağdadda keçirdiyi görüşlər zamanı "Qüds" qüvvələrinin komandanı İraq siyasətçilərini şiə qruplaşmalarının silahlarını dövlət strukturlarının nəzarətinə tam şəkildə təhvil verməsi müddətinin təxirə salınmasına razı salmağa çalışıb.
İyunun sonunda İraq hökuməti müəyyən edib ki, sentyabrın sonu ölkə ərazisində fəaliyyət göstərən bütün hərbiləşdirilmiş birləşmələrin silahlarını dövlətə təhvil verməsi üçün son tarix olacaq.
Görəsən, “Qüds” komandanı sözügedən məsələdə Bağdadı razı sala bilibmi?
Konfliktoloq Azər Hüseynov
“Bakupost”a bildirib ki, İraq hökumətinin silahlı birləşmələrlə bağlı səsləndirdiyi fikirlər siyasi iradə və müəyyən bir siyasi istəyin təzahürüdür:
“Xüsusilə İrana meyilli olan və bu ölkədən müxtəlif formalarda dəstək alan yarı-hərbi qüvvələrin silahsızlaşdırılması məsələsi ABŞ ilə İran arasında baş verən hərbi toqquşmalardan sonra daha da aktuallaşıb”.
Ekspert burada başqa bir məsələni nəzərə almağı da tövsiyyə etdi:
“Yaxın Şərq tarixən asimmetrik aktorların və qeyri-dövlət silahlı qüvvələrinin fəal olduğu bir siyasi məkan olub. Bu səbəbdən simmetrik dövlət aktorlarının yanında fəaliyyət göstərən asimmetrik qüvvələrin tamamilə aradan qaldırılması o qədər də asan məsələ deyil. Hətta İraq hökuməti bunu siyasi baxımdan istəsə belə, həmin qüvvələri tamamilə silahsızlaşdırmaq və ortadan qaldırmaq kifayət qədər çətin olacaq. Çünki burada təkcə hökumətin siyasi iradəsi deyil, ölkənin daxili siyasi balansı, regional güclərin təsiri və təhlükəsizlik reallıqları da mühüm rol oynayır”.
Müsahibimiz hesab edir ki, İraq hökumətinin bu istiqamətdəki mövqeyi, ilk növbədə, onun siyasi istəyini və manevr etmək cəhdini göstərir:
“Lakin siyasi istəklə onun praktiki icrası arasında ciddi fərq var. Bu istəyin reallaşdırılması kifayət qədər mürəkkəb məsələdir. Bağdad “Qüds” qüvvələrinin komandanının təklifini dinləyəcək. Amma bununla belə, bu Bağdadın onunla tam razılaşacağı anlamına gəlməyəcək. Düşünürəm ki, “Qüds” qüvvələrinin komandanının səfərindən sonra İraq hökuməti iki qüvvə arasında manevr etməyə çalışacaq”.
Rüfət Sultan,
BakuPost