Oman İran və Körfəz ölkələrinin nümayəndələrini Hörmüz boğazının gələcəyini müzakirə etmək üçün bir araya gətirməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, görüşün gələn həftə Omanının Salalah şəhərində keçirilməsi planlaşdırılır.
Məlumata görə, Oman Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin və İranın xarici işlər nazirlərini görüşə dəvət etməyi düşünür. Lakin toplantının keçirilib-keçirilməyəcəyi və orada bütün Körfəz ölkələrinin iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Belə bir toplantıda tərəflərin bir araya gəlməsi mümkündürmü?
Politoloq Zərdüşt Əlizadə
“Bakupost”a bildirib ki, Amerika bütün vasitələrə əl atmaqla çalışacaq ki, İranla Körfəz ölkələrinin bir araya gəlməsini əngəlləsin:
“Çünki onların bir araya gəlmələri, Hörmüz boğazının gələcəyini müzakirə etmələri Amerikanın regionla bağlı planlarını alt-üst edə bilər. Belədə ABŞ regiondakı neft mənbələri və ağalığını itirə bilər. Bu səbəbdən Vaşinqton Omanın təşəbbüsünə qarşı çıxacaq. Yəni Amerika olmasa prosesdə irəliləyiş əldə oluna bilər”.
Politoloqun fikrincə, əslində Hörmüz məsələsində İranla razılıq Körfəz ölkələrinə əl verir:
“Mövcud situasiyada Körfəz ölkələrinin hamısı çətin vəziyyətə düşüb. Boğazdan normal şəkildə yararlana bilmirlər. Digər tərəfdən, Körfəz ölkələri ABŞ-dən asılıdır. Neftdən əldə olunan pulları Amerika banklarındadır. Belədə, Vaşinqtonun istəyinin əleyhinə gedəcəkləri təqdirdə, ABŞ həmin vəsaitləri müsadirə edə bilər”.
Bununla yanaşı, müsahibimiz Körfəz ölkələrilə İran nümayəndələrinin planlaşdırılan görüşündə müəyyən razılıqların əldə edilməsini mümkün hesab edir:
“Əks halda Körfəz ölkələri bir dövlət kimi məhv ola bilərlər”.
Rüfət Sultan,
BakuPost