İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda keçiriləcək MDB sammitində iştirak edəcək.
“Bakupost” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Bildirilir ki, bu, Birlik tarixində ilk belə haldır.
İranın MDB sammitində iştirakı nə məqsəd daşıyır? İran da MDB-yə üzv qəbul oluna bilər?
Siyasi şərhçi
Rəşad Bayramov “Bakupost”a bildirib ki, İran Prezidenti Pezeşkianın Türkmənistanın keçiriləcək MDB Dövlət Başçıları Şurasının genişləndirilmiş iclasında iştirakı regional geosiyasət baxımından diqqətçəkən hadisədir:
“Bu, İran prezidentinin MDB formatında ilk belə iştirakıdır və Moskvanın Tehrana verdiyi siyasi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilə bilər”.
Bununla belə, müsahibimiz qeyd edir ki, İranın sammitə dəvət olunması hələ onun MDB-yə üzvlüyə hazırlanması demək deyil:
“Bunun üçün hələlik hansısa bir əsas yoxdur. Tehran üçün əsas məqsədlərdən biri Mərkəzi Asiya və postsovet məkanı ilə əlaqələri genişləndirməkdir. Buna görə də Tehran MDB ölkələri ilə nəqliyyat, enerji, ticarət və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyə çalışır. Xüsusilə Qafqaz və Mərkəzi Asiya üzərindən nəqliyyat dəhlizləri İran üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Avaza görüşündə MDB ölkələri ilə yanaşı İranın da Xəzər ekologiyası ilə bağlı tədbirlərdə iştirakı bu çoxşaxəli əməkdaşlığın tərkib hissəsidir”.
Ekspertin sözlərinə görə, MDB tədbirində iştirak İran üçün beynəlxalq təcridin azaldılması baxımından da vacibdir:
“Tehran son illərdə Qərblə münasibətlərin gərginliyi fonunda Rusiya, Çin, Mərkəzi Asiya və digər regional dövlətlərlə siyasi və iqtisadi əlaqələri genişləndirir. MDB sammitinə dəvət İranın postsovet məkanındakı dövlətlərlə münasibətlərini institusional səviyyədə artırmaq üçün əlavə platforma yaradır”.
R. Bayramov hesab edir ki, İranın MDB tədbirinə dəvət edilməsində Moskva da maraqlıdır:
“Rusiya İranla strateji tərəfdaşlığını möhkəmləndirməklə həm Qərbin sanksiya siyasəti qarşısında yeni əməkdaşlıq imkanları yaradır, həm də Xəzər hövzəsi və Mərkəzi Asiyada öz siyasi təsirinin davamlılığını təmin etməyə çalışır. Rusiya və İran arasında 20 illik hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması da iki ölkə arasında münasibətlərin artıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmadığını göstərir”.
Həmsöhbətimizin fikrincə, İranın MDB-yə üzv olması indilikdə mümkün görünməsə də, onun müşahidəçi və assosiativ üzv kimi qurumda təmsil olunması gözləniləndir:
“İranın MDB-yə üzv olub-ola bilməməsi məsələsinə gəldikdə isə, burada mühüm hüquqi-siyasi məqam var. MDB mahiyyət etibarilə keçmiş SSRİ respublikalarının yaratdığı təşkilatdır. Hazırkı üzvlər də məhz bu dövlətlərdən ibarətdir. Buna görə İranın tamhüquqlu üzvlüyü təşkilatın ilkin siyasi-coğrafi məntiqinin dəyişdirilməsini tələb edə bilər.
Lakin müşahidəçi və ya assosiativ iştirakçı kimi daha çevik formatlar nəzəri baxımdan mümkündür. Bunun üçün də MDB daxilində ayrıca siyasi qərar və hüquqi mexanizmlər tələb olunur. Turkmənistanın təcrübəsi göstərir ki, tam üzvlükdən fərqli iştirak modeli mümkündür. Belə ki, Türkmənistan 2005-ci ildən MDB-də assosiativ üzv statusundadır.
Düşünürəm ki, bu format Tehran üçün faydalı nəticələr versə, gələcəkdə daha sistemli əməkdaşlıq mexanizmlərinin yaradılması mümkündür. İran bu formatda iştirakla postsovet məkanında iqtisadi və diplomatik imkanlarını artırmağa, Rusiya isə İranın iştirakı ilə MDB-nin geosiyasi və iqtisadi çəkisini genişləndirməyə cəhd edə bilər”.
Rüfət Sultan,
BakuPost