Son günlər İran ordusunun rəhbərliyində bir sıra dəyişikliklər baş verib. İranın Ali lideri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Müctəba Xamenei ölkənin ali hərbi komandanlığında bir sıra mühüm vəzifələrə yeni şəxslərin təyin olunması barədə fərmanlar imzalayıb.
"Bakupost" xəbər verir ki, TASS İnformasiya Agentliyinin məlumatına görə, SEPAH-a general-mayor rütbəsi ilə Əhməd Vahidi rəhbər təyin olunub.
Onun müavini vəzifəsinə isə SEPAH general-mayoru Mustafa Ezadi gətirilib. İran Hərbi Dəniz Qüvvələrinin komandanlığı isə kontr-admiral Əli Əzəmiyə həvalə edilib. Bundan başqa, hərbiləşdirilmiş “Bəsic” qüvvələrinin rəhbəri vəzifəsinə Hüseyn Təeb təyin olunub.
Daha əvvəl isə Silahlı Qüvvələrin Baş Qərargahı rəisi vəzifəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Əli Abdollahi təyin edilib. Onu da qeyd edək ki, bu təyinatlardan əvvəl Müctəba Xamenei son üç ayda ilk dəfə Prezident Məsud Pezeşkian ilə görüş keçirib.
İran ordusunun yüksək eşolonunda baş verən bu kadr dəyişikliyi nəyə hesablanıb?
Politoloq Natiq Miri
Bakupost.az-a bildirib ki, hərbi güc mərkəzlərinə yeni təyin olunanların adlarına fikir verdikdə, hamısının bilavasitə SEPAH-la əlaqəli radikal qanada məxsus şəxslər olduğunu görərik:
“Bu təyin edilənlər həm də müharibənin davam etməsində maraqlı olan şəxslərdir. Onların fikrincə, ABŞ üzərində qələbə yeni bir mühit yaradacaq və belə bir şəraitdə də guya qurtarıcı Mehdi zühur edəcək. Belə təfəkkürə məxsus şəxslərin təyinatı müharibənin acınacaqlı perspektivini göstərir. Bu isə İranın tamamilə dağılması, insanların daha da yoxsullaşması deməkdir. Belədə isə yaranmış vəziyyət acların küçələrə çıxmasını tətikləyəcək”.
Ekspert qeyd edir ki, bu təyinatlar həm də Müctəba Xameneinin hansı təfəkkürə, qayəyə xidmət etdiyinin göstəricisidir.
Təyinatların Xameneinin Pezeşkianla görüşündən sonra reallaşması və bu əsasda onunla razılaşdırılmasına gəldikdə, müsahibimiz düşünür ki, bunlar Prezidentin özünün müstəqil iradəsilə ortaya çıxan təyinatlar deyil:
“O müstəqil olsaydı, tamamilə fərqli təyinatları görə bilərdik. Pezeşkian müharibənin əleyhinə çıxış edir. Ancaq bu təyinatlar ona cavab vermir, əksinə onun önünü qapadır. Həqiqətən də Xamenei ilə Pezeşkianın görüşü olubsa, düşünürəm ki, bu təyinatlar da konkret təzyiqlər əsasında ortaya çıxıb. Amma hələ də radikal qruplaşma hesab edir ki, İran ABŞ-yə qalib gələ bilər”.
Rüfət Sultan,
BakuPost