İranda son etiraz aksiyalarından sonra təhlükəsizlik qurumları mövqelərini sərtləşdirib. İran Polis İdarəsinin rəisi Əhməd Rza Radan “aldadılaraq” etirazlara qatılan şəxslərə üç gün ərzində könüllü şəkildə təslim olmaları çağırışı edib. Onun sözlərinə görə, bu müddət ərzində təslim olanlara cəzalarda ciddi yüngülləşdirmə tətbiq ediləcək.
Bakupost.az xəbər verir ki, polis rəisi dövlət televiziyasına açıqlamasında etirazlara istəmədən cəlb olunan gəncləri düşmən qüvvə yox, yanlış yola yönləndirilmiş şəxslər adlandırıb. O, vurğulayıb ki, bu kateqoriyaya aid olanlara mərhəmətlə yanaşılacaq. Bununla yanaşı, polis rəsmisi iğtişaşların liderləri, təhrikediciləri və təşkilatçılarına qarşı sərt cəzalara tətbiq olunacağını deyib.
İranın Məşhəd şəhərində baş verən hadisələrlə bağlı Kəşfiyyat Nazirliyi (ETTELAAT) də öz mövqeyini açıqlayıb. Nazirliyin məlumatına görə, son günlər vilayətdə baş verdiyi iddia olunan “terror xarakterli hadisələrin əsas fiqurları” kimi qiymətləndirilən 192 nəfər saxlanılıb. Onlar təhlükəsizlik qüvvələrinin və mülki şəxslərin ölümü, məscidlərin, ictimai obyektlərin, avtobusların yandırılması, həmçinin hərbi və təhlükəsizlik mərkəzlərinə hücumlarda ittiham olunurlar.
Rəsmi açıqlamada bildirilib ki, saxlanılan şəxslər son günlər toplanmış “sənədlər və sübutlar” əsasında müəyyən edilib. İstintaq zamanı bəzi saxlanılanların xarici əlaqələri olan silahlı və radikal qruplarla “bağlılığı” üzə çıxıb. Həmçinin iğtişaşlarda iştirak etmiş təşkilatlanmış zorakı dəstələrin liderlərinin də tutulduğu qeyd olunub.
ETTELAAT saxlanılanlardan tapança, avtomat, ov tüfəngləri, Vinçester tüfəngi kimi odlu, eləcə də bıçaq, qılınc, zəncir və digər soyuq silahların götürüldüyünü açıqlayıb. Araşdırmaların davam etdiyi vurğulanıb.
Son günlər İrandakı etirazların intensivliyi azalıb və rəsmi Tehran genişmiqyaslı təhlükəsizlik əməliyyatlarından sonra ölkədə sabitliyin bərpa olunduğunu iddia edib. İnsan haqları təşkilatları isə əməliyyatlar zamanı minlərlə insanın öldüyünü, saxlanılanların sayının isə on minlərlə ola biləcəyini bildirir.
İran hakimiyyəti etirazların arxasında ABŞ və İsrailin dayandığını iddia edir. ABŞ Prezidenti Donald Trampın Tehrana yönəlik sərt bəyanatları və mümkün sanksiya təhdidləri isə regionda gərginliyi daha da artırır.
Cavid, BakuPost