Ru
13:25 / 09 Yanvar 2026

“İran SSRİ-nin son dönəmini yaşayır” – İqtisadçı

“İran SSRİ-nin son dönəmini yaşayır” – İqtisadçı
Eye

“Türkiyə ilə İranın əhalisi, demək olar ki, eyni saydadır. Türkiyənin 2024-cü ildə büdcəsi 450-480 milyard dollar, ÜDM-i isə 1,323 trilyon dollar təşkil edib. İranın 2024-cü ildə büdcəsi 50-55 milyard dollar civarında olub, ÜDM-i isə 356 milyard dollar təşkil edir. (hər iki ölkədə məzənnə çox oynayır deyə, dəqiq rəqəm yazmaq olmur)”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Real” Partiyasının sədri, politoloq Natiq Cəfərli sosial şəbəkədəki paylaşımında yazıb.

İqtisadçı bildirib ki, Türkiyənin büdcəsi İrandan 8-9 dəfə, ÜDM-i isə 4-5 dəfə çoxdur: “İranın dünyanın potensial olaraq ən zəngin ölkələrindən biridir, sanksiyalar qalxsa, İran dünya iqtisadiyyatına geri dönsə, ölkəyə küllü miqdarda və qısa müddətdə yüzmilyardlarla dollar investisiyalar axacaq.

İran bazarı böyük və sözün yaxşı mənasında, “ac” bazardır, bir çox ölkələr İrana yatırım qoymağa hazırdır, çox kiçik zaman kəsimində (hardasa, 5-8 il) İran öz ÜDM-i 3 dəfə, büdcəsini 10 dəfə artırmağa qadir potensiala malikdir”.



Partiya sədrinin sözlərinə görə, İran artıq dəyişib, indi bu dəyişimin rəsmiləşməsi prosesi gedir-gedəcək, İranda ən əsası nəsil dəyişib, yaşayanların 75%-i inqilabı görməyib, gənclər isə o “ideyalara” artıq inanmır – sırf SSRİ-nin son illərində olduğu kimi bir vəziyyət yaranıb.

“İran dünya iqtisadiyyatına qayıdandan sonra Azərbaycan üçün də ən böyük iqtisadi “driver”lərdən birinə çevriləcək. Qərb şirkətlərini İranda çalışmaq üçün mərkəz olaraq Azərbaycanı seçməsinə, baş ofislərini burada açmağa, bütün əməliyyatları Bakıdan yürütməyə nail ola bilsək, bu Azərbaycan üçün neftdən gələn gəliri belə əvəz edə biləcək bir qaynaq olacaq”.

“İran bizim üçün çox doğmadır, bu ölkəyə normallaşma, sistem dəyişikliyi, dünya iqtisadiyyatına geri dönüş arzu edirəm. ABŞ və Qərbin ağlı, vizionu olsa, indi heç bir halda İrana kənardan təsir, müdaxilə haqqında düşünməyi belə unutsunlar – istənilən xarici müdaxilə İranda başlayan təbii, orqanik dəyişiklik hərəkatına ziyan olacaq, cəmiyyətin hakimiyyət ətrafında birləşməsinə səbəb olacaq”, – deyə Natiq Cəfərli paylaşımını yekunlaşdırıb.

Fateh, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar