Livan Prezidenti Cozef Aun İranın ünvanına kəskin tənqidlər səsləndirərək, rəsmi Tehranı ABŞ ilə aparılan danışıqlarda Livandan bir alət və “sövdələşmə vasitəsi” kimi istifadə etməkdə günahlandırıb.
Bakupost.az xəbər verir ki, dövlət başçısı bu barədə ABŞ-nin CNN telekanalına müsahibəsində deyib.
Məlumata görə, Prezident Cozef Aun Livanın daxili işlərinə xarici müdaxilənin qəbuledilməz olduğunu kəskin şəkildə vurğulayıb:
“Bu, sizin ölkəniz deyil, bizim ölkəmizdir və bizim məsuliyyətimizdir. Bizim ölkəmizin daxili işlərinə qarışmaq sizin işiniz deyil”.
Ətraflı
Dövlət başçısı Livan vətəndaşlarının İranın regional maraqlarının bədəlini ödəmək məcburiyyətində qaldığını diqqətə çatdırıb. O, Tehran və Vaşinqton arasındakı münasibətlərin Livanın suverenliyinə zərər vurduğunu iddia edib.
Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən “Hizbullah” hərəkatına da ciddi xəbərdarlıq ismarışı göndərib.
O, İsrail və “Hizbullah” arasında davam edən silahlı qarşıdurmadan narazılığını ifadə edərək qruplaşmanı diplomatiyaya çağırıb:
“Onlar başa düşməlidirlər ki, oturub danışmaqdan başqa yol yoxdur. Bu problemi həll etməyin yeganə yolu danışıqlar və diplomatiyadır”.