Ru
17:33 / 10 İyun 2026

İrandan Körfəz ölkələrinə dostluq mesajı: Ərəblər kimi seçəcək?

İrandan Körfəz ölkələrinə dostluq mesajı: Ərəblər kimi seçəcək?
Eye

Müharibə dövründə Körfəzdəki ərəb ölkələrini daim atəş altında saxlayan İran indi də onlara münasibətdə yumşaq siyasətdən istifadə etməyə başlayıb.

İran Prezidenti Məsud Pezeşkian məsələyə toxunarkən deyib ki, ölkənin Ali lideri Müctəba Xameneinin yürütdüyü siyasət regional ölkələri ABŞ və İsraildən uzaqlaşdırmağa hesablanıb. Onun sözlərinə görə, ABŞ ərəb və müsəlman ölkələrini İrana qarşı səfərbər etməyə çalışsa da, bu səylər nəticə verməyib.

Pezeşkianın fikrincə, nəticədə regional ölkələri hazırda ABŞ və İsraildən uzaqlaşmağa çalışır.

Siyasi şərhçi Azər Qasımov Bakupost.az-a bildirib ki, ABŞ-nin Yaxın Şərq siyasətinin əsasını təşkil edən ərəb ölkələri ilə qeyri-ərəb müsəlman ölkələri, xüsusən də, İranın məzhəblər üzərindən qarşıdurma siyasəti son münaqişə fonunda öz əhəmiyyətini itirmiş kimi görünsə də, İranın ərəb ölkələrinə qarşı raket hücumları, müsəlman ölkələri arasında olan uçurumu daha da dərinləşdirib.

Ekspert hesab edir ki, körfəzin ərəb ölkələri müəyyən mənada ABŞ-dən uzaqlaşa da, Pezeşkianın dediyinin əksinə olaraq İrana da yaxınlaşmırlar:

“Onların Türkiyə və ya Çin istiqamətinə yönələcəkləri barədə ehtimallar səslənsə də, ABŞ-nin hələlik regionda daha güclü olduğu bir reallıqdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ərəb ölkələri sona kimi Türkiyəyə də etibar edə bilmir”.

Həmsöhbətimizin sözlərinə görə, körfəzdəki ərəb ölkələri bundan sonra çoxvektorlu siyasətə meyl edəcək:

“Təsadüfi deyildir ki, Ukrayna belə öz dron texnologiyası ilə ərəblərin diqqət mərkəzindədir”.

A.Qasımov Pezeşkianın açıqlamasını çətin durumda olan ölkəsinin ərəb dövlətlərilə aranı düzəltmək cəhdi kimi qiymətləndirdi:
“Məhz ona görə də özünü Ali dini liderin rəhbərliyi altında ərəb ölkələri ilə münasibətləri bərpa etmək istəyən bir şəxs kimi göstərməyə çalışır. Amma hər kəsə bəllidir ki, SEPAH hakimiyyəti faktiki olaraq ələ alıb və prosesləri o idarə edir”.

Müsahibimiz əmindir ki, Körfəz ölkələrinin ABŞ-dən tam olaraq uzaqlaşmaq kimi bir lüksü yoxdur:

“Məsələ hərbi deyil, hakimiyyət məsələsidir. Ərəb ölkələrinın daxili quruluşunun mahiyyətidir. Nə Türkiyə, nə də Çin Körfəzin ərəb ölkələrinın hakimiyyətlərini ABŞ kimi qoruya bilməz. Bunun özü də ABŞ ilə hərbi müttəfiqlikdən keçir. Körfəz regionunda daşların yerindən tərpənməsi ərəb ölkələrinin planında yoxdur. Sadəcə müəyyən kiçik korrektələr ola bilər. İran rejimi onsuz da bu qarşıdurmadan ciddi şəkildə yara almaqla çıxacaq, əgər tam şəkildə devrilməsə”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar