İranda Ali dini lider Müctəba Xameneinin öldüyü və ya ağır yaralandığı ilə bağlı yayılan xəbərlər fonunda Rusiya mediası iddia edir ki, ölkədə mühüm qərarlar parlament sədri Məhəmməd Bağır Qalibaf tərəfindən verilir.
Bakupost.az xəbər verir ki, sözügedən məlumatı Rusiya mediası kəşfiyyat mənbələrinə istinadən yayıb.
İddiaya görə, Xameneinin adından yayımlanan rəsmi sənədlərin metadata məlumatları araşdırılıb və onların Qalibafın ofisində istifadə olunan rəqəmsal imzalarla eynilik təşkil etdiyi müəyyən edilib.
Bildirilir ki, PDF sənədlərindəki “Adobe” proqram təminatı və versiya məlumatlarının tam üst-üstə düşməsi sənədlərin eyni kompüterdə hazırlandığını göstərir.
Bu fonda da ehtimal olunur ki, Qalibaf Xameneinin adından sənədlər hazırlayır.
Konfliktoloq Azər Hüseynov
Bakupost.az-a bildirib ki, Müctəba Xameneinin öldürülməsi ilə bağlı Rusiya mediasında yayılan xəbərlərin nə dərəcədə doğru olduğunu qəti şəkildə söyləmək çətindir:
“Hazırda dövriyyədə müxtəlif iddialar mövcuddur və bəzi məlumatlarda qərarların əsasən Məhəmməd Baqir Qalibaf tərəfindən verildiyi qeyd olunur. Lakin bu xəbərlərin müstəqil şəkildə təsdiqləndiyini söyləmək mümkün deyil. Son aylarda Müctəba Xameneinin səhhəti, fəaliyyəti və hətta həyatda olub-olmaması barədə çoxsaylı ziddiyyətli məlumatlar yayılıb”.
Ekspertin sözlərinə görə, müharibə və onun nəticələri göstərdi ki, İranın siyasi-idarəetmə sistemi yalnız bir şəxsin üzərində qurulmayıb: “Dini və siyasi rəhbərlikdə ciddi itkilərin baş verməsinə baxmayaraq, dövlət idarəçiliyi fəaliyyətini davam etdirə bilib. Bu da İran sisteminin müəyyən mənada kollektiv xarakter daşıdığını göstərir. Şəxslərin dəyişməsi, öldürülməsi və ya vəzifədən getməsi ümumi idarəetmə mexanizmini tamamilə iflic etmir”.
Müsahibimiz Müctəba Xameneinin öldürülməsi ehtimalını da tamamilə istisna etmir:
“Tarix göstərir ki, müharibələr zamanı ən yüksək səviyyəli rəhbərlər belə hədəfə çevrilə bilir. Lakin belə bir hadisə baş versə belə, bunun İran dövlətinin dərhal sistem böhranına sürüklənəcəyi anlamına gəlmədiyini də qeyd etməliyik. Son hadisələr İranın institusional və kollektiv qərarvermə mexanizmlərinin müəyyən davamlılıq qabiliyyətinə malik olduğunu göstərib”.
Rüfət Sultan, BakuPost