Ru
11:00 / 22 Sentyabr 2026

İranın 3 şərti və Hörmüz bazarlığı: Vaşinqtonla qəfil razılaşma mümkündür?

İranın 3 şərti və Hörmüz bazarlığı: Vaşinqtonla qəfil razılaşma mümkündür?
Eye

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin Konqresə aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasının mövqelərinə mənfi təsir göstərdiyini qəbul edir.

"Bakupost" xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumatlı dörd mənbəyə istinadən yazıb.

Qeyd olunur ki, Tramp bəzi qərarlarının onun populyarlığının azalmasına və aralıq seçkilərlə bağlı vəziyyətin yaxşı olmamasına gətirib çıxardığını anlayır.

Bu əsasda bildirilir ki, Trampın noyabr seçkiləri öncəsi respublikaçı namizədlərə dəstəyinin artıracağı gözlənilir.

Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, Trampın açıqlaması heç də vəziyyətin ağırlığını etiraf etməsi demək deyil:


“Prezident Donald Tramp reytinqinin son dərəcədə aşağı olduğu və bunun aralıq seçkilər ərəfəsi Respublikaçılar Partiyasının imkanlarına mənfi təsir göstərdiyini etiraf edib. Tramp nəyin bahasına olursa-olsun, seçkilər ərəfəsi İranla razılaşma imzalamaq istəyir. Ona görə də iddia edir ki, guya İran tərəfi yenə də ona müraciət edərək, razılaşma istədiyini deyib. Mətbuatda isə İranın danışıqları bərpa etmək üçün 3 şərt irəli sürdüyü bildirilir. İrana və müttəfiqlərinə qarşı hərbi əməliyyatların dayandırılması, İran aktivləri üzərindən həbsin götürülməsi və dəniz blokadasının aradan qaldırılması. Yalnız bu 3 şərt yerinə yetirilərsə, Tehran danışıqlar aparmağa razılıq verib. Danışıqlarda isə Hörmüz boğazı və İranın nüvə proqramı müzakirə predmeti olacaq. Burada nəticənin əldə edilməsi isə aralıq seçkilərdə respublikaçılara əlavə səslər qazandıra bilər”.

Ancaq ekspert İranla danışıqlarda nəticənin olacağını düşünmür:

“İndiyədək bu istiqamətdə dəfələrlə danışıqlar aparılıb. Ancaq nəticə dəyişməyib. Seçkilər ərəfəsi keçirilən danışıqlar da güman ki, nəticəsiz olacaq. Çünki tərəflər bir-birinə qarşı barışmaz mövqedədirlər”.

Müsahibimizə görə, burada başqa bir məqam isə hər ikisinin də vəziyyətinin kifayət qədər ağır olmasıdır:

“Ola bilsin ki, bu vəziyyət də onları qarşılıqlı güzəştlərə getməyə məcbur etsin. Belədə Tramp da seçkilər ərəfəsi qalib gəldiyini bir daha bəyan etmək imkanı qazana bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar