İslamabadda olması gözlənilən ikinci raund danışıqların baş tutmaması fonunda İran ABŞ qarşısında yeni təkliflə çıxış edib.
Bakupost.az "Axios" portalına istinadən xəbər verir ki, həmin təkliflər üç mərhələli danışıqlar formulundan ibarətdir.
Təklifdə yer alan birinci mərhələdə müharibənin tamamilə dayandırılması, İran və Livana qarşı yenidən savaşa başlamasının qarşısının alınması tələb edilir. Birinci mərhələdə razılıq əldə olunarsa, tərəflər Hörmüz boğazının idarə olunması və nəzarəti ilə bağlı ikinci mərhələyə keçəcəklər.
Tehranın təklifinə görə, bu iki mərhələ uğurla tamamlanarsa, üçüncü mərhələyə - nüvə proqramı üzrə danışıqlara başlaya bilərlər.
Artıq İran tərəfi Pakistan vasitəsilə yeni təklifi Vaşinqtona çatdırıb.
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, Vaşinqtonla Tehran arasında anlaşmanın əldə olunması ehtimalı yüksək deyil:
“Hazırda hər iki tərəf taktiki manevrlərlə məşğuldur. Bu manevrlər isə qarşı tərəfi daha çətin vəziyyətə salmaq, onu dolaşıq duruma yönəltməyə hesablanıb. Hər iki tərəf qarşı tərəfin zəif nöqtələrini dəqiqləşdirməyə və ona paralel olaraq da itirilmiş qüvvələrin mümkün bərpası üçün vaxt qazanmağa çalışırlar”.
Həmsöhbətimizin sözlərinə görə, razılığa gəlmək deyil, tərəflərin yenidən müharibəyə başlamaq ehtimalı daha yüksəkdir:
“Tramp tez-tez bəyan edir ki, tezliklə savaş bitəcək. O Ukrayna savaşını da bir aya bitirəcəyini demişdi. Bu mənada açıq şəkildə görünür ki, İranla ABŞ arasında anlaşma ehtimalı çox aşağıdır. Əksinə, hərbi əməliyyatların bərpası ehtimalı daha inandırıcıdır. Tramp 3 gün ərzində anlaşma olmazsa, İranın neft sənayesinə zərbə endirəcəyini vəd edib”.
Ekspert deyir ki, Vaşinqton danışıqlar prosesini mərhələlərə bölmək deyil, problemin paket şəklində həllində maraqalıdır:
“İranın razılığa gəlmək üçün üç mərhələli plan təklifi indiki halda o qədər də effektiv təklif deyil. Çünki Vaşinqton danışıqlar prosesini mərhələlərə bölməkdə maraqlı deyil. Ağ Ev hesab edir ki, irəli sürülmüş şərtlər bütövlükdə paket şəklində qəbul edilməlidir. Amerikanın əsas hədəfi İranı nüvə proqramından məhrum etməkdir. Buna görə də Vaşinqton həmin məsələnin üçüncü mərhələdə müzakirəsinə çətin ki, razı olsun. Bu da onu göstərir ki, İranın ABŞ münasibətdə taktiki manevrləri effektiv olmayacaq”.
Rüfət Sultan, BakuPost