3 oktyabrda qardaş Türkiyənin İstanbul şəhərindəki Azərbaycan konsulluğunun qarşısında keçirilən piketin əsas təşkilatçısı olan “Özgür-der” (Özgür düşüncə və Egitim Haqları Dərnəyi) təşkilatı hələ də sosial şəbəkələrdə Azərbaycan haqda qarayaxma kampaniyasını davam etdirir, başqa bir ölkənin (qardaş ölkə olsa belə) daxili işlərinə kobud şəkildə müdaxilə sayılacaq paylaşımlar edir. İstər “X” sosial şəbəkəsində, istərsə də sahibi olduqları media resurslarında hər gün Azərbaycanda gedən proseslərlə bağlı həqiqətə uyğun olmayan məlumatları yaymaları proseslərin vahid bir mərkəzdən idarə edilməsindən xəbər verir. Belə olduğu halda adı çəkilən təşkilatın kimə və hara bağlı olması, indiyə qədər başqa hansı fəaliyyətlərdə olması ilə bağlı qısa araşdırma etmək qərarına gəldik. Nəticədə sizin üçün də maraqlı olacaq məlumatlar və faktları diqqətinizə çatdırmaq istəyirəm. Baxın, görün kim-kimdir və bizim haqımızda bunları danışanlar başqa kimlərə və hansı dəyərlərə dil uzadırlar.
Ümumilikdə götürəndə, ölkəmizdə son günlər baş verən hadisələrə, daha doğrusu ölkənin daxili işi olan vahid məktəbli forması haqda qəbul edilmiş qərara iki ölkədən müxtəlif formada reaksiyalar gəlməkdədir. Bunu biri İrandır ki, bu da əvvəldən gözlənilən idi. İrandan Azərbaycandakı hər hansı narazılıqla bağlı gələn hər formada və hər məzmunda reaksiyalar həmişə olub. Məsələ dini və ya qeyri dini müstəvidə olmağına baxmayaraq, İran adlanan ölkənin bütün hallarda Azərbaycanda qarışıqlıq salınmasında maraqlı olduğu, hətta bu qarışıqlığı zaman-zaman bir başa özünün yaratmaq istəyi heç zaman sirr olmayıb. Ona görə də, İranın reaksiyalarını bir tərəfə qoyub, qardaş Türkiyə ərazisindən bizə “atılan daşlara” qarşı diqqət göstərmək lazım olduğunu düşünmək olardı. Olardı, lakin İstanbuldan “Özgür-der”in dedikləri İrandan deyilənlərə o qədər bənzəyir, hətta eynidir ki, istər -istəməz düşünməli olursan, bəlkə elə daş eyni daşdır, sadəcə daş atan sifətini və ölkəsini dəyişib? Gəlin görək, kimdir, kimlərdir bu “özgür”lük aşiqləri?
Azcana araşdırmaq kifayətdir ki, çörəyi “başörtüsündən”çıxan bu təşkilatın, əslində din davası pərdəsi altında gerçək bir Türk dişmənçiliyi etdiyini görəsən. Bəli, Türkiyədəki məşhur “28 şubat” hadisəsinin ardından, 1999-cu ildə məhz “başörtüsü qadağaları və insan haqlarını qorumaq” iddiası ilə yaradılan bu təşkilat və rəhbəri sayılan Rıdvan Kaya bu günə kimi bütün fəaliyyətini həm Türkiyə dövlətinə həm də türkçülüyə qarşı edib. Bu gün bizə dil uzadan bu təşkilatın illərdir ən çox mübarizə apardığı məsələ “Kamalizm” yəni Mustafa Kamal Atatürkün düşüncə və ideyalarıdır. Bəli, Rıdvan Kaya illərdir ki, bütün çıxışlarında tez-tez Türkiyədəki rəsmi ideologiyaya, xüsusilə də “Kemalizmə” yəni Atatarükçülüyə və onun tətbiqetmə formalarına qarşı tənqidi mövqe sərgiləyir. Şübhəsiz ki, onu ən çox narahat edən Kamalizm düşüncələrindəki 6 əsas təməl prinsipdir. Bunların başında da əlbəttə ki, “laiklik” yəni dünyəvi dövlət modelinin gəldiyi aydındır. Bu zatın Atatürk düşmənçiliyi hətta bəzən o qədər “alovlanır” ki, Atatürkün xatirəsinə və rəsmi anma tədbirlərinə, hər il Türkiyənin bütün elmi və dini ocaqlarında Atatürkün vəfatı günü keçirilən “anım törənlərinə” açıq şəkildə qarşı çıxır və bu tədbirlərin yığışdırılmasını tələb edir.
Təşkilatın idarə heyətində təmsil olunan Kənan Alpay, Musa Üzer, Mehmet Ali Aslan kimi Türkiyənin rəsmi dövlət ideologiyasına və respublikanın qurucu prinsiplərinin ideoloji interpretasiyalarına qarşı çıxan islamçı-ideoloji xəttin liderləri də öz sədrlərindən geri qalmır. “Özgür-der”in rəsmi orqanı olan “Haksöz” jurnalında yuxarıda adını çəkdiyimiz adamların imzası ilə vaxtaşırı türkçülük və respublikaçılıq əleyhinə yazılar dərc olunur, fikirlər səsləndirilir. Əsasən “etnik millətçiliyi” yəni türkçülüyü tənqid edən dərnək funksionerləri digər tərəfdən də “təkçi millət anlayışına” (Türkiyə Respublikası ərazisində yaşayan hər bir kəs türk sayılır və rəsmi sənədlərdə belə də yazılır) qarşı çıxaraq etnik kimliklərin, konkret olaraq kürdlərin hüquqlarının tanınmasını və dini azadlıqların ön plana çəkilməsini tələb edirlər.
Buyurun, sizcə bütün bunlar İslam dini üçünmü edilir? Yuxarıda yazılanlara, hələ mənim uzunçuluq olmasın deyə yazmadığım digər fəaliyyətlərinə nəzər salanda bu adamların davasının din-ümmət olmadığı, nəyinki Türkiyə Cümhuriyyətinin, digər bütün türk dövlətlərinin də bölünərək parçalanmasında maraqlı olduqları çox aşkar şəkildə görünür. Budur qardaş ölkənin mədəni paytaxtında, İstanbulda oturub İrandan “gətirilmiş” daşları bizə atanlar. Budur bu insanların iç üzü. “İslamçı və ümmətçi xətt”i əllərində bayraq edib, “dini ideologiya” pərdəsi altında Türk düşmənçiliyi edən adamlardan başqa nə gözləmək olar ki?
Yuxarıda Rıdvan Kaya haqında “dərnəyin rəhbəri sayılan” ifadəsini də boşuna işlətməmişəm. Türkiyə siyasi-ictimai həyatına azca yaxından bələd olmaq bəs edir ki, bu cür dərnəklərin və ümumilikdə bu düşüncədə olanların “fikir babasının” Türkiyə Böyük Millət Məclisinin DEM partiyasından olan deputatı Ömer Faik Gergerlioğlu olduğunu biləsən. Tanımayanlar üçün adını çəkdiyimiz şəxsin də bir iki misalla kim olduğunu izah edim, qoy məsələ lap aydın olsun.
Gergerlioğlu TBMM-dəki çıxışlarında bir neçə dəfə “İsrailə neft satılır” bəhanəsi ilə Azərbaycan rəsmilərinə və ölkə iqtidarına dil uzadaraq “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin ixracını dərhal dayandırmağa çağıran adamdır. Onun iddialarına görə bu kəmərin əsas məqsədi İsrail dövlətini neftlə təmin etməkdir. Bu fikirləri səsləndirərkən, həmin bu zat xeyli irəli gedərək bu məsələdə Rəsmi Ankaranı və konkret olaraq Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanı ikili siyasət aparmaqda və BTC ilə nəql olunan neftin hər barrelinə görə 80 sent “kamisyon almaqda” ittiham edir.
Budur! Bunlardırlar, bizi “hicab qadağası”na görə tənqid, hətta təhdid edənlər. Bütün həyatları boyu türkə, türkçülüyə qarşı olanlar. Həm Türkiyənin, həm Azərbaycanın ortaq dəyərlərinə, tarixi şəxsiyyətlərinə, liderlərinə dil uzadanlar. Türkiyəyə hər illər milyonlarla dollar qazandıran bir proyektə, iki türk dövlətinin birgə iqtisadi layihələrinə qarşı olanlar. Türkiyənin, Azərbaycanın güclənməsinə, böyüməsinə qarşı olanlar bax bunlardır.
Siz elə bilirdiniz ki, din üçün, hicab üçün, ümmət üçündü bütün bu hay-küy? Ay-hay...
Çingiz Özgür