Son günlər İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı fərqli açıqlamaları bu məsələdə Tehranın daxilində də fikir ayrılığı olduğunu göstərir.
İran prezidenti Məsud Pezeşkian bu mövzuda danışarkən bildirib ki, qonşular və regional ölkələrlə əlaqələr geniş perspektivdən qiymətləndirildikdə, şimal-qərbdəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlər narahatlıq doğurmamalıdır.
Bununla yanaşı, İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıb. Onun sözlərinə görə, Pezeşkianın açıqlamaları İranın molla rejimi ilə xalqın seçdiyi prezident arasında yanaşmalarda ciddi fərqlərin mövcud olduğunu göstərir. Vilayəti vurğulayıb ki, bu fərq Zəngəzur dəhlizi məsələsində də açıq görünür.
Xatırladaq ki, iyunun 10-da Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin açılmasına məhz İranın mane olduğunu bəyan edib. “O zaman bəzi dövlətlər Zəngəzur dəhlizi adı altında Naxçıvanla Azərbaycanı Ermənistan üzərindən birləşdirməyə cəhd göstərirdilər”, – deyə Vilayəti bildirib.
Vilayətinin iddiasına görə, bu plan əslində Ermənistanı parçalamaq və İranla Avropa arasında əlaqəni kəsmək məqsədi daşıyır: “ABŞ-ın keçmiş prezidenti Co Baydenin də etiraf etdiyi kimi, dəhlizin açılması üçün hər şey hazır idi, lakin İran buna imkan vermədi”.
Bu mənada maraqlıdıdr ki, İran prosesi əngəlləyə bilərmi?
Məsələ ilə bağlı
Bakupost.az-a danışan siyasi şərhçi
Oktay Qasımov dedi ki, İran indiyədək bu məsələdə destruktiv rol oynayıb və bu siyasəti davam etdirir:
“Bu tip məsələləri isə özünün "qırmızı xətti" hesab edir. Maraqlıdır ki, son dövrlər bu mövzuda daha çox danışan şəxs Vilayətidir. Ümumiyyətlə, o, Azərbaycana düşmən mövqeyi ilə tanınan bir şəxsdir və İranda panfarsist, paniranist ideologiyanın əsas ideoloqlarından biridir. Onun açıqlamaları isə, təbii ki, bölgədəki proseslərə neqativ təsir göstərir.”
Ekspert hesab edir ki, İranın bu proseslərə mane olmaq imkanları məhduddur:
“Əgər Ermənistan özü müstəqil qərar verib dəhlizin açılmasını istəyəcəksə, bununla bağlı qəti mövqe ortaya qoyacaqsa, İran buna necə mane ola bilər? Heç cür mane ola bilməz. Sadəcə olaraq, hazırda Ermənistandakı durumdan faydalanan İran bu məsələlərdə aktivlik göstərməyə çalışır. Bir daha qeyd edirəm ki, Ermənistan hakimiyyəti əgər iradə ortaya qoysa və müstəqil qərar verə bilsə, İran heç bir addım ata bilməz, bunun da əleyhinə çıxa bilməz. Onların hamısı blefdir.”
Politoloq qeyd etdi ki, İran Ermənistanı strateji tərəfdaş adlandırsa da, digər tərəfdən ona qarşı hörmətsizlik nümayiş etdirir və Ermənistanın adından danışaraq Zəngəzur dəhlizinin açılmasının ona zərər verdiyini bildirir:
“Hansı ki, Ermənistanın baş naziri də, dünən isə prezidenti bəyan edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın mənafeyinə uyğundur.Yəni burada İrana düşəcək bir şey yoxdur. İran sadəcə olaraq bir neçə məqsəd güdür. Birinci məqsəd ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılmasın və bu kommunikasiya xətti İran ərazisindən - Araz dəhlizi ilə keçirilsin. Belə olduğu halda İran həm bu dəhlizdən özünün geoiqtisadi maraqları üçün istifadə edə biləcək. Proqnozlara görə, hər il bu dəhlizdən təxminən 10-12 milyon ton yük keçə bilər. Keçən yüklərə və nəqliyyat vasitələrinə görə alınacaq tranzit haqlarının dəyəri isə təxminən 350-400 milyon dollar təşkil edəcək. Eyni zamanda, İran bu dəhliz vasitəsilə Azərbaycana və Türkiyəyə qarşı təzyiq mexanizmi kimi də istifadə etməyə çalışacaq. İranın "orada bizim qırmızı xətlərimiz var", "Ermənistan tərəfindən biz mühasirəyə düşəcəyik" kimi iddiaları isə hamısı manipulyasiya, heç bir əsası olmayan fikirlərdir.
İranın qonşu olduğu dövlətlər var və bu dövlətlərlə sərhədləri minlərlə kilometr uzanır. Ermənistanla isə yalnız 42 kilometrlik sərhədi var. Necə ola bilər ki, bu 42 kilometrlik sərhəd bağlandıqda İranın Avropaya çıxışı məhdudlaşsın? Bu da qeyri-dəqiq, yalan bir məsələdir. Çünki Ermənistanın bilavasitə Avropa ilə heç bir əlaqəsi yoxdur. O, Gürcüstan və Türkiyə üzərindən əlaqələr qura bilir.Ona görə də, İran tərəfindən nəyin necə deyilməsindən asılı olmayaraq, mən hesab edirəm ki, Zəngəzur dəhlizi açılacaq.”
O.Qasımovun fikrincə, Ermənistan hakimiyyəti də seçkilərə qədər bu məsələnin üzərindən manipulyasiya etməyə çalışır:
"Rəsmi İrəvan bir tərəfdən İranı və digər ölkələri çox da qıcıqlandırmamaq, digər tərəfdən isə Azərbaycandan daha güzəştli mövqe əldə etmək niyyətindədir. Amma hesab edirəm ki, bu niyyətləri baş tutmayacaq. Azərbaycanın mövqeyi bəllidir. Biz dəhlizin açılmasını istəyirik və həmin dəhlizdən vətəndaşlarımızın, yüklərimizin, avtonəqliyyat vasitələrimizin maneəsiz və təhlükəsiz keçidini təmin etmək niyyətindəyik.”
Lalə, BakuPost